×
A
A
A
Sazlamalar

Sabiha Gökçən hava limanını İstanbulun mərkəzinə bağlayacaq yeni metro xətti istifadəyə verilib

İstanbul, 2 oktyabr, AZƏRTAC

İstanbulda yeni metro xətti istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, uzun zamandan bəri açılması gözlənilən bu xətt Sabiha Gökçən hava limanı ilə İstanbulun Asiya qitəsinin Pendik bölgəsi arasında fəaliyyət göstərəcək. Bununla da sərnişindaşıma ilə Sabiha Gökçən aeroportundan Pendikə 10, şəhərin Kadıköy bölgəsinə isə 50 dəqiqəyə çatmaq mümkün olacaq.
Açılış mərasimində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iştirak edib.
Çıxışında İstanbuldakı dəmiryolu xətlərinin yarısının ölkənin Nəqliyyat və İnfrastruktur Nazirliyi tərəfindən inşa edildiyini xatırladan Türkiyə Prezidenti vaxtilə İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsini icra etdiyi dövrdən indiyədək yalnız xalqa xidmət göstərdiklərini vurğulayıb.
İstanbulda yağış, qar kimi fərqli təbiət hadisələrinin yaratdığı fəsadlara toxunan ölkə başçısı hazırkı bələdiyyə sədrinin işindəki nöqsanlara toxunub.
Günel Məlikova
AZƏRTAC-ın xüsusi müxbiri
İstanbul

Dünya 2022-10-02 19:13:00