×
A
A
A
Sazlamalar

Zəngəzur küçəsində yolların təmiri aparılır

Bakı, 30 sentyabr, AZƏRTAC

Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhərinin Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5,5 kilometr küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri Zəngəzur küçəsi döngə 3 ünvanında aparılır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata əsasən, ümumi uzunluğu 450 metr olan sözügedən küçə torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.
Təmir işləri çərçivəsində zəruri yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə başlanılıb.
Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13,06 kilometr təşkil edən küçə və yolun təmiri işləri aparılır.
Qeyd olunub ki, agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15,4 kilometr uzunluğa malik küçə təmir edilib.

 

Tikinti̇ 2022-09-30 19:01:00