×
A
A
A
Sazlamalar

RSXM və Oksford Universiteti arasında əməkdaşlığa dair növbəti müzakirələr aparılıb

Bakı, 29 sentyabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM), Böyük Britaniyanın Oksford Universiteti və “bp” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə elmi layihələrin həyata keçirilməsinə dair işçi qrupu səviyyəsində növbəti müzakirələr keçirilib.
RSXM-nin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, onlayn şəkildə keçirilən müzakirədə Respublika Seysmoloji Xidmət Mərkəzinin “Zəlzələ ocaqlarının dinamikası” şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova, Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçard Voalker, Oksford Universitetinin Yer Elmləri Bölməsinin zəlzələlər və aktiv tektonika üzrə fəlsəfə doktoru İan Pierce və “bp” şirkətinin aparıcı geoloji kəşfiyyat mütəxəssisi Nazim Abdullayev iştirak ediblər.
Layihə çərçivəsində tərəfdaş ölkələrdə görülmüş işlər haqqında müzakirə aparılıb. Oksford Universitetinin nümayəndələri 2022-ci ildə Ağsu, İsmayıllı, Salyan və Göyçay rayonlarında aparılan çöl işlərinin nəticələri haqqında məlumat verib, Azərbaycan ərazisində aparılan paleseysmoloji tədqiqatların ilkin nəticələri və gələcəkdə görüləcək işlər haqqında danışıblar.
Böyük Britaniyanın Oksford Universitetinin əməkdaşlarının Salyan ərazisində peyk üzərində aparılan çəkilişlər əsasında qurulan xəritə məlumatlarına əsasən, müasir seysmikliyi olan bir sıra çox aktiv sürüşmə qırılmaları və çoxsaylı zəlzələ zonaları müəyyən edilib. Həmçinin geoloji yerdəyişmə sürətlərini müəyyən etmək üçün yerini dəyişmiş çay terraslarından nümunələr toplanıb. Tədqiqatların məqsədi yerdəyişmə tipli qırılmaların geoloji inkişafının istiqamətlərini və rolunu müəyyən etməkdir. Bundan əlavə, palçıq vulkanlarının olduğu bölgələrin peyk şəkilləri təhlil edilib.
Böyük Britaniyanın Oksford Universitetinin professoru Riçard Voalker bildirib ki, Xəzər dənizi hövzəsində aparılan seysmoloji və geofiziki tədqiqatlar böyük əhəmiyyət daşıyır. Bu tədqiqatlar Xəzər dənizində baş verən zəlzələlərin daha ətraflı öyrənilməsinə də imkan verəcək.
İclasda həmçinin ikitərəfli əməkdaşlıq çərçivəsində həyata keçiriləcək birgə layihələr, kadrların təcrübə mübadiləsi və 2023-cü ildə görüləcək işlər haqqında fikir mübadiləsi aparılıb.

 

 

Cəmiyyət 2022-09-29 19:35:00