×
A
A
A
Sazlamalar

Daha bir qrup Vətən müharibəsi veteranına avadanlıqlar təqdim edilib

Bakı, 29 sentyabr, AZƏRTAC

Müharibədən sonrakı dövrdə dövlət başçısının tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirilir. Bu tədbirlər çərçivəsində Dövlət Məşğulluq Agentliyi şəhid ailəsi üzvləri və Vətən müharibəsi veteranlarının özünüməşğulluq proqramına cəlbi və aktivlərlə təminatı işləri davam etdirilir.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu dəfə Şərqi Zəngəzur Regional Məşğulluq filialı tərəfindən bir qrup müharibə veteranına seçdikləri biznes istiqamətlər üzrə mal və materiallar təqdim edilib. Onlar avtomobil şinlərinin bərpası və təmiri xidmətləri, un məmulatları istehsalı və avtotəmizləmə xidmətləri zərfi üzrə iş fəaliyyətini təşkil etmək üçün bütün lazımi avadanlıqlarla təmin ediliblər.
Proqrama cəlb edilən şəxslər ilk olaraq təlimlərə qoşulub, daha sonra isə qiymətləndirmədən keçib. Aktivlərlə təmin olunan şəxslərə bundan sonrakı mərhələdə biznesin idarə edilməsi və inkişafı ilə bağlı müvafiq məsləhətlər veriləcək, özünüməşğulluq fəaliyyətinin 1 il ərzində monitorinqi aparılacaq.
Qeyd edək ki, təkcə bu ilin ötən dövründə proqram çərçivəsində 2080 şəhid ailəsi üzvü və müharibə veteranına aktivlər verilib.
Ümumilikdə postmüharibə dövründə 13 400 şəhid ailəsi üzvü və müharibə veteranı aktiv məşğulluq proqramlarına, o cümlədən 8 minədək şəxs özünüməşğulluq proqramına cəlb olunub.

Sosial 2022-09-29 18:57:00