×
A
A
A
Sazlamalar

Azərbaycanla Rumıniya arasında sosial müdafiə, məşğulluq və əlillik sahəsində təcrübə mübadiləsi aparılır

Bakı, 29 sentyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Rumıniyada rəsmi səfərdədir. Rumıniyanın Əmək və Sosial Siyasət (Həmrəylik) Nazirliyinin dəvəti ilə baş tutan səfərdə məqsəd rumıniyalı həmkarları Azərbaycanda sosial müdafiə sahəsində həyata keçirilən islahatların əsas elementi olan DOST konsepsiyası haqqında ətraflı məlumatlandırmaq, həmçinin sosial müdafiə, məşğulluq və əlillik sahəsində təcrübə mübadiləsi aparmaqdır.
Bu barədə AZƏRTAC-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, DOST Agentliyinin nümayəndə heyətinin üzvləri Rumıniyaya səfər zamanı Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Buxarest şəhərindəki abidəsini ziyarət edərək dərin ehtiramlarını bildiriblər.
Səfər zamanı DOST Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov Rumıniyanın əmək və sosial siyasət nazirinin müavini Madalin-Kristian Vasilkou ilə görüşdə DOST konsepsiyası, “bir pəncərə” modeli ilə xidmətin təşkili prinsipləri, bu sahədə fəaliyyətin nəticələri və sosial xidmətlər sahəsində əhəmiyyəti barədə məlumat verib.
Sonra iclas daha geniş tərkibdə nazirliyin müvafiq departamentlərinin rəhbərlərinin iştirakı ilə davam etdirilib. İclas iştirakçılarına agentliyin və DOST mərkəzlərinin iş prinsipləri və xidmətlərin göstərilməsi barədə təqdimatlar edilib və suallar əsasında müzakirələr aparılıb. Qarşı tərəf DOST modelinin onlarda böyük maraq doğurduğunu və Azərbaycan tərəfi ilə əməkdaşlığın faydalı olacağına əminliyini bildirib.
Həmçinin DOST Agentliyinin nümayəndə heyəti Rumıniyanın Milli Məşğulluq Agentliyi, Ödənişlər və Sosial Təftiş Milli Agentliyi, Əlilliyi olan şəxslərin hüquqlarının müdafiəsi üzrə Milli Agentliyin rəhbərliyi ilə görüşlər keçirib. Görüşdə tərəflər öz ölkələrində məşğulluq, sosial müdafiə və əlillik sahələrində görülən işlər haqqında fikir mübadiləsi aparıb.

 

 

 

Sosial 2022-09-29 18:53:00