×
A
A
A
Sazlamalar

Anım Günü ilə əlaqədar tədbir təşkil olunub

Bakı, 29 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru N.Hətəmova iştirakçılara tədbir haqqında məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşən, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir: “Xalqımız Vətən uğrunda canlarını fəda etmiş qəhrəman şəhidlərimizin xatirəsini qürurla yad edir”.
Məktəbin müəllimələri X.Allahverdiyeva, İ.Xəlilova bildiriblər ki, Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir: “Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə göstərərək, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirib. Biz qurtuluş savaşında minlərlə şəhid vermişik, həmvətənlərimiz arasında itkin düşənlər, yaralanaraq sağlamlığını itirənlər var. Torpaqlarımız işğaldan qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı-canı bahasına azad edilib”.
Sonda məktəb şagirdləri tərəfindən şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib.

 

Mədəniyyət 2022-09-29 18:38:00