×
A
A
A
Sazlamalar

Narkomaniyaya qarşı mübarizədə iştirak etmək hamımızın vətəndaşlıq borcudur

Daşkəsən, 29 sentyabr, Elcan Məmmədov, AZƏRTAC

Sentyabrın 29-da Daşkəsən Rayon Polis Şöbəsi rayon icra hakimiyyəti, rayon prokurorluğu və rayon təhsil şöbəsi ilə birgə Daşkəsən şəhər İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə yuxarı sinif şagirdləri üçün "Narkotiklərə yox deyək!" mövzusunda maarifləndirmə tədbiri keçirib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Seymur Əfəndiyev mövzu ilə bağlı çıxışında ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirlərindən danışıb. Vurğulayıb ki, narkomanlığın qarşısını almaq üçün ictimaiyyət hüquq-mühafizə orqanları işçilərinə yaxından kömək göstərməlidir. Çünki sosial bəla olan narkomaniyaya qarşı mübarizədə iştirak etmək hamımızın vətəndaşlıq borcudur.
Daşkəsən rayon prokurorunun böyük köməkçisi Nasir Şükürzadə çıxış edərək, prokurorluq tərəfindən rayonda bu istiqamətdə həyata keçirilən tədbirlər, görülən profilaktiki işlər barədə məlumat verib.
Daşkəsən Rayon İcra Hakimiyyətinin məsul işçisi Elxan Hüseynzadə ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizə məqsədilə rayonda maarifləndirmə işlərinin mütəmadi olaraq aparılmasının vacibliyini vurğulayıb.
Digər çıxış edənlər də cəmiyyətin ciddi bəlasına çevrilən narkomaniyanın yaratdığı problemlər, insan sağlamlığına və psixologiyasına vurduğu zərərlər barədə yeniyetmələri məlumatlandırıblar.
Tədbirdə narkomaniyanın zərərlərindən bəhs edən videoçarxlar nümayiş olunub və şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Regionlar 2022-09-29 18:31:00