×
A
A
A
Sazlamalar

Şəhid Zülfüqar Fərəcovun xatirəsi anılıb

Beyləqan, 29 sentyabr, AZƏRTAC

Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində yerləşən “Şəhidlər” Memorial Kompleksində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Museyib oğlunun xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə şəhidlərin məzarları önünə qərənfillər düzərək, xatirələrinə ehtiramlarını bildiriblər. Şəhidlərin ruhuna dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Vətən müharibəsində iştirak edərək qəhrəmancasına şəhid olmuş Fərəcov Zülfüqar Museyib oğlunun döyüş yolu barədə məlumat verib. Şəhidin valideynlərinə və ailə üzvlərinə başsağlığı verərək, belə qəhrəman övlad böyütdükləri üçün minnətdarlığını bildirib.
E.Hüseynov 2022-ci ilin sentyabrın 27-də başlanan 44 günlük Vətən müharibəsindən söz açıb, Azərbaycan Ordusunun erməni vandallarının illərlə qurub yaratdığı istehkamları bir neçə saat ərzində darmadağın etdiyini deyib. Bildirib ki, Ali Baş Komandan İlham Əliyevin irəli əmri ilə döyüşlərə atılmış igidlər arasında Zülfüqar Fərəcov da düşmən səddinin yarılmasında böyük şücaət göstərib, ermənilərin xeyli canlı qüvvəsini və hərbi texnikasını sıradan çıxarıb.
Şəhidin övladı Əmrah Fərəcov atası ilə fəxr etdiyini bildirib və gələcək fəaliyyətində onun etimadını doğruldacağına söz verib.
Digər çıxış edənlər Zülfüqar Fərəcovun hərbidə xidmət etdiyi illərdən söz açaraq onun mehriban, sədaqətli və peşəkar bir hərbçi olduğunu vurğulayıblar.
Qeyd edək ki, Xocavənd rayon Əmirallar kənd sakini Fərəcov Zülfüqar Museyib oğlu Vətən müharibəsinin ilk günündən döyüşlərə atılıb, düşmənin xeyli sayda post və istehkamlarının dağıdılmasında xüsusi şücaət göstərib, sentyabrın 29-da şəhidlik zirvəsinə ucalıb. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.

Regionlar 2022-09-29 18:17:00