×
A
A
A
Sazlamalar

Şamaxıda şəhid kapitanın xatirəsinə tikilən bulaq kompleksi açılıb

Şamaxı, 29 sentyabr, AZƏRTAC

Şamaxı rayonunun Ovçulu kəndində 44 günlük Vətən müharibəsində şəhid olan kapitan Niyət Şirəliyevin xatirəsinə inşa olunan bulaq kompleksi açılıb. Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədov, Milli Məclisin deputatı Tamam Cəfərova, şəhidin yaxınları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bulaq kompleksinin açılışında çıxış edənlər şəhid Niyət Şirəliyevin şərəfli həyat yolundan danışıb, Prezident, Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində işğalçı Ermənistan ordusu üzərində qazanılan Qələbənin tarixi əhəmiyyətindən bəhs olunub. Qeyd edilib ki, Niyət və onun kimi şəhid Vətən oğullarının xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq.
Niyət Şirəliyev 1990-cı il fevralın 9-da Şamaxı rayonunun Ovçulu kəndində anadan olub. 1996-2007-ci illərdə B.Alıyev adına Ovçulu kənd tam orta məktəbində, 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. 2012-ci ildə “N” saylı hərbi hissəsində xidmətə başlayıb. 2014-cü ildə ona baş leytenant hərbi rütbəsi verilib. 2016-cı ilin Aprel döyüşlərində iştirak edib. 2018-ci ildən kapitan hərbi rütbəsi ilə xidmətini davam etdirib. 2020-ci ildə “N” saylı hərbi hissənin qərargah rəisi, hərbi hissə komandirinin müavini vəzifəsinə təyin olunub. 2020-ci ilin Tovuz döyüşlərində iştirak edib.
Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Niyət Şirəliyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Kəlbəcər və Murovdağın azad edilməsi uğrunda gedən döyüşlərdə düşmənin çoxsaylı canlı qüvvəsini məhv edib. Sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər xiyabanında torpağa tapşırılıb. Ailəli idi, bir qızı, bir oğlu yadigar qalıb.

Regionlar 2022-09-29 17:16:00