×
A
A
A
Sazlamalar

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu müşahidəçi ölkəsi Macarıstanla əlaqələrini gücləndirir

Bakı, 29 sentyabr, AZƏRTAC
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilatın prezidenti Günay Əfəndiyeva ilə Macarıstanın ölkəmizə yeni təyin olunmuş səfiri Tamaş Yojef Torman arasında görüş keçirilib.
Fonddan AZƏRTAC-a bildirilib ki, görüşdə Günay Əfəndiyeva Tamaş Yojef Tormanı yeni səfir təyin olunması münasibətilə təbrik edib, bu təyinatın Fond ilə təşkilatın müşahidəçi ölkəsi Macarıstan arasında olan tərəfdaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsində rol oynayacağına inamını ifadə edib. Günay Əfəndiyeva, eyni zamanda, təşkilatın fəaliyyətindən söz açaraq, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu ilə Macarıstanın əməkdaşlığı çərçivəsində türk dünyasının qədim maddi və mənəvi dəyərlərinin beynəlxalq aləmdə tanıdılması ilə bağlı gələcəkdə daha çox birgə işlərin görülməsinin əhəmiyyətindən bəhs edib.
Səfir Tamaş Yojef Torman Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən türk dünyasının qədim və zəngin maddi-mədəni irsinin öyrənilməsi istiqamətində görülən işləri yüksək qiymətləndirib və gənc təşkilat olmasına baxmayaraq, qısa zaman ərzində Fondun həyata keçirdiyi genişmiqyaslı layihələrə dəstək verəcəyini bildirib. Səfir eyni tarixi köklərdən gələn macar və türk xalqlarının tarixinin, mədəniyyətinin təbliği yönündə əlaqələrin gücləndirilməsinin önəmindən danışıb.
Görüş tərəflər arasında birgə gələcək əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi ilə başa çatıb.

Mədəniyyət 2022-09-29 12:30:00