Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən badminton klubunun təqdimatı olub
Naxçıvan, 28 sentyabr, AZƏRTAC
Naxçıvan Dövlət Universitetində fəaliyyət göstərən badminton klubunun təqdimatı olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ali təhsil müəssisəsində keçirilən görüşdə universitetin rektoru Elbrus İsayev “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”ının icrasının əhəmiyyətini vurğulayıb. Bildirib ki, reallaşdırılan tədbirlər böyüməkdə olan gənc nəslin hərtərəfli inkişafının təmin edilməsində böyük rol oynayır. Rektor universitet nəzdində yaradılan badminton klubunu bunun bariz göstəricisi, gənclərin bu sahədə inkişafına göstərilən dövlət qayğısının bir nümunəsi olduğunu qeyd edib.
Diqqətə çatdırılıb ki, ali təhsil ocağında klubun yaradılmasında məqsəd badminton idman növünün təbliği, peşəkar idmançıların hazırlanması və tələbələrin bu sahəyə olan həvəsini artırmaqdır. Universitetin Pedaqoji fakültəsinin nəzdində 2000-ci ildə yaradılan İdman muzeyindən, ali təhsil ocağında idmanın 16 növü üzrə keçirilən məşğələlərdən ətraflı bəhs edən Elbrus İsayev ali təhsil ocağının məşqçilərinin və tələbələrinin muxtar respublikanı həm respublika, həm də beynəlxalq turnirlərdə təmsil etdiklərini vurğulayıb. Bildirib ki, badminton seçmə fənn kimi universitetin Pedaqoji fakültəsinin Məşqçilik ixtisasında tədris olunur, həmçinin dərs prosesindən sonra məşğələlər təşkil edilir. Rektor badminton klubunun muxtar respublikanı müvəffəqiyyətlə təmsil edəcək gənclərin yetişməsində uğurlu olacağına əminliyini ifadə edib.
Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Ramil Hacı çıxış edərək, ölkəmizdə uğurla həyata keçirilən dövlət gənclər və idman siyasətindən danışıb. Qeyd edib ki, bu sahədə aparılan məqsədyönlü siyasət nəticəsində ölkəmiz bir sıra idman yeniliklərinə imza atıb, Azərbaycanda böyük idman infrastrukturu yaradılıb, respublikamız dünyada idman ölkəsi kimi tanınmağa başlayıb.
Vurğulanıb ki, müasir dövrdə muxtar respublikada idmanın inkişafı üçün də dövlət səviyyəsində mühüm tədbirlər həyata keçirilir. Bu sahədə əldə edilən yeniliklərdən, qazanılan uğurlardan söz açan nazir muxtar respublikada 12 idman federasiyasının mövcud olduğunu diqqətə çatdırıb.
Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov federasiyanın 1962-ci ildə Bakı şəhərində yaradıldığını, 1996-cı ildə isə yenidən təsis edildiyini bildirib. Qeyd edib ki, federasiya 1998-ci ildən Beynəlxalq Badminton Federasiyasının və Avropa Badminton Federasiyasının üzvüdür. “Naxçıvan Dövlət Universitetində badminton klubunun yaradılması badminton idman növünün kütləviliyinə nail olmaq məqsədi daşıyır”, - deyən Taleh Ziyadov vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasında badminton ənənəsi artıq 30 ildir mövcuddur və yeni yaradılan klub bu idman növünün daha sistemli inkişafına zəmin yaradacaq.
Sonra bu ilin yayında Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində keçirilən badminton üzrə “Level-1” məşqçilik kurslarını bitirən fiziki tərbiyə müəllimlərinə və tələbələrə sertifikatlar təqdim olunub.
Ali təhsil müəssisəsinin idman zalı ilə tanışlıq zamanı universitetin rektoru Elbrus İsayevin, Naxçıvan Muxtar Respublikasının Gənclər və idman naziri Ramil Hacının və Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadovun nümayiş etdirdiyi badminton oyunu yaddaqalan olub.
İndiyədək “Araz Vadisi İqtisadi Zonası” sənaye parkına 10 milyon manata yaxın investisiya yatırılıb
Azərbaycan və Çexiyanın tədqiqat institutları əməkdaşlıq edəcək
Şabranda 100 kilometrdən artıq torpaq kanal betonla əvəzlənib