×
A
A
A
Sazlamalar

Şəhid tankçı Şahin Hüseynlinin xatirəsi anılıb VİDEO

Beyləqan, 28 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Vətən müharibəsi şəhidlərindən olan və döyüşlərin ilk günündə şəhadətə yüksələn şəhid Şahin Hüseynlinin ildönümündə xatirəsi anılıb. Şəhidin anım günü onun adını daşıyan bulaq önündə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə şəhidin ailə üzvləri, icra hakimiyyətinin, hüquq mühafizə orqanlarının əməkdaşları, döyüşçü yoldaşları, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şahinin həyat yolundan Vətənə olan sevgisindən, döyüşlərdə göstərdiyi şücaətdən söhbət açılıb. Bildirilib k, Hüseynli Şahin Vaqif oğlu 1995-ci il mayın 4-də Beyləqan rayonunda dünyaya göz açıb. Hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilən Şahin hərbçi olmaq arzusu ilə yaşayıb. Şahinin rəssamlıqla bərabər, şeir yazmaq qabiliyyəti də olub. Həmçinin yeniyetmə çağlarından idmanla məşğul olan Şahin “Qara kəmər” ustası olub və bir çox yarışlarda nailiyyətlər qazanıb. O, hərbçi olan böyük qardaşı Pərviz Hüseynlini özünə örnək seçib. Həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yollanıb və nizam intizamı ilə fərqlənib.
Hərbi xidmətini 2015-ci ildə bitirən Şahin Aprel döyüşlərindən sonra yenidən könüllü olaraq ordu sıralarına qayıdıb və çavuş kimi Vətənin keşiyində dayanıb. Hərbin sirlərinə peşəkarcasına yiyələnən Şahin tankçı olub və hərbçi yoldaşları ilə özlərini Həzi Aslanovun davamçıları adlandırıblar. Vətən müharibəsi zamanı Füzuli-Cəbrayıl istiqamətində döyüşlərdə ön sırada yer alıb. Düşmən cəbhəsinin yarılmasında Şahin şücaəti ilə seçilib. Açdığı dəqiq atəşlərlə düşmənin texnikalarını və döyüş mövqelərini darmadağın edib. Füzuli istiqamətində gərgin döyüşlər zamanı mənfur düşmən tərəfindən atılan tank əleyhinə raket Şahinin tankına tuş gəlib və qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Şahinin komandiri Eldar Abbasov bildirib ki, Hüseynli xidməti dönəmində hər zaman nizam-intizami ilə seçilirdi, Vətənə çox güclü sevgi bəsləyirdi və ən böyük arzusu torpaqlarımız azad görmək idi. Əks hücum zamanı Şahin verilən döyüş tapşırıqlarını yüksək səviyyədə icra etdi və düşmənə sarsıdıcı zərbələr vurdu.
Silahdaşı və döyüş yoldaşı olan qazi Ceyhun Ərşadlı da Şahinlə bağlı xatirələrini bölüşüb. Bildirib ki, Şahin adını əməlində canlandıran elə şahin baxışlı bir qəhrəman olub. “Qorxu nədir bilməzdi. O, düşmən mövqelərini, atəş məntəqələrini susdurmaqla döyüş yoldaşlarına yol açdı. Təkcə Şahin deyil, digər şəhid qardaşlarımız da 44 günlük Vətən müharibəsində qəhrəmanlıq nümayiş etdirdi”, - deyə Ceyhun Ərşadlı vurğulayıb.
Qeyd edək ki, Şahin Hüseynli döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə” medalları, "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.
İndi şəhid Şahinin adını onun özünə örnək seçdiyi hərbçi qardaşı Pərvizin yeni dünyaya gələn oğlu yaşadır. Şahinin xatirəsinin əbədiləşdirilməsi üçün doğulub boya-başa çatdığı küçəyə və Mayak kənd tam orta məktəbinə onun adı verilib.

Regionlar 2022-09-28 16:01:00

Video