×
A
A
A
Sazlamalar

Göyçayda şəhidin xatirəsinə tikilən bulaq kompleksinin açılışı olub

Göyçay, 28 sentyabr, AZƏRTAC
Göyçay rayonunun Ləkçılpaq kəndində 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan Zamiq Çingiz oğlu Əhmədovun xatirəsinə inşa edilən bulaq kompleksinin açılışı olub. Açılışda rayon rəhbərliyi, qazilər, kənd sakinləri, ictimaiyyət nümayəndələri, şəhidin yaxınları iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları öncə Ləkçılpaq kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, üzərinə gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla anıblar. Kompleksdə digər şəhidlərimizin də şəkilləri əks olunub.
Bulaq kompleksinin açılışında çıxış edən rayon icra hakimiyyətinin başçısı səlahiyyətlərini müvəqqəti icra edən İkram Vəliyev Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun tarixi Qələbə qazandığını, işğal altındakı torpaqlarımızı azad etdiyini söyləyərək, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini vurğulayıb.
Çıxışlarda tarixi Qələbənin xalqımızın sarsılmaz birliyi, Azərbaycan Ordusunun rəşadəti hesabına qazanıldığı, Zamiq və onun kimi şəhidlərimizin xatirəsinin unudulmayacağı söylənilib.
Şəhid ailələri göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.
Bulaq kompleksinin açılışında Ləkçılpaq kənd tam orta məktəbin şagirdləri şəhidlərə və Qələbəmizə həsr olunan şeirlər səsləndiriblər.
Qeyd edək ki, şəhid Zamiq Əhmədov 2020-ci ilin sentyabrında, müharibənin ilk günündə Ağdam istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” və “Ağdamın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

 

Regionlar 2022-09-28 15:59:00