×
A
A
A
Sazlamalar

YARAT-da açılan “İNSƏN” adlı sərgi davam edir

Bakı, 28 sentyabr, AZƏRTAC

YARAT Müasir İncəsənət Mərkəzində multidisiplinar rəssam Çingizin “İNSƏN” adlı fərdi sərgisi davam edir.
AZƏRTAC xəbər verir ki, “İNSƏN”, Çingizin şəxsi təcrübə prizmasından qaynaqlanan və cəmiyyətin fərqli aspektlərini işıqlandırdığı immersiv fərdi layihəsidir. Rəssamın emalatxanasının prototipi kimi çıxış edən, bununla yanaşı canlı, daima inkişafda olan vahid orqanizm kimi təqdim edilən layihə, interaktiv və prosesdə olan sərgidir. Sərginin əsas qəhrəmanı isə zamanın nəbzi və nəfəsi ilə yaşayan, dəyişən insan və onun əməlləridir.
Sərgidə ağıllı və küt insan prototipi anlamına gələn iki insan beyni, “pambıqdan” düzəldilmiş nərdivan, “yumşaq qəfəs” nümayiş olunan eksponatlar arasında daha çox nəzərə çarpır.
İnsanı kitab şəklində təqdim edən rəssam öz düşüncəsində onu açıq həm də bağlı formada görür. Biri ziyalı, oxumuş, digəri isə yatmış, dünyadan xəbərsiz kimi təsvir olunur.
İnsanların həyəcanını göstərmək üçün içərisindən alov püskürən təbil sanki rəssamın təlatümlü aləmindən xəbər verir.
Sərgi Çingizin sənətdə formalaşmasına əhəmiyyətli təsir göstərmiş atası Tofiq Babayevə həsr olunub.
Kuratoru Fərəh Ələkbərli olan sərgi oktyabrın 6-dək açıq olacaq.

 

Mədəniyyət 2022-09-28 15:36:00