×
A
A
A
Sazlamalar

Müşfiqabad Mədəniyyət evində şəhidlərin xatirəsi anılıb

Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Müşfiqabad Mədəniyyət evində Anım Günü ilə əlaqədar tədbir təşkil olunub.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə Müşfiqabad qəsəbəsində yerləşən Şəhidlər xiyabanı ziyarət edilib.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mədəniyyət evinin bədii rəhbəri M.Cəfərova bu günün xalqımız üçün əhəmiyyətindən danışıb. O bildirib ki, Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları müqəddəs Vətənimiz uğrunda canından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla anır: “Küçə, prospekt və meydanlarda, evlərin balkonlarında üçrəngli bayrağımız dalğalanır. Biz bu Anım Gününü həm də zəfər və iftixar günü kimi qeyd edirik. Vətən müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir”.
Daha sonra, şəhidlərə aid şeirlər və çıxışlar təqdim olunub, həmçinin “44 günlük Zəfər Səlnaməsi” adlı sənədli film nümayiş olunub.

 

Mədəniyyət 2022-09-28 15:20:00