×
A
A
A
Sazlamalar

Qazaxlı müəllim və şagirdin dueti sosial şəbəkədə trendə çevrildi - FOTO VİDEO

Qazax, 28 sentyabr, Ruslan Novruzoğlu, AZƏRTAC

Müəllimlə şagirdinin ifası son günlərdə sosial şəbəkələrin trendinə çevrilib.
AZƏRTAC xəbər verir ki, Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbin direktor müavini Süleyman Həsənovla həmin məktəbin 11-ci sinif şagirdi Türkan Rəhimova onlayn duet oxuyaraq videolar çəkir və sosial şəbəkə səhifələrinə yerləşdirirlər. Bu videolar minlərlə sosial şəbəkə istifadəçisinin böyük marağını səbəb olub.
Müəllim və şagirdin ifa etdiyi “Elfida” mahnısı da sosial şəbəkələrdə trend olan videolardan biridir. Onların bu ifası qısa vaxtda minlərlə insan tərəfindən izlənilib və hər kəs bu duetdən danışır.
Süleyman Həsənov həm də Qazax şəhər İsmət Qayıbov adına 3 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi işləyir. Musiqiyə marağı olan müəllim deyir ki, Türkanın gözəl səsinin olmasını hələ o, 5-ci sinifdə oxuyarkən bilirdi. Məktəbdə 20 Yanvar faciəsi ilə əlaqədar tədbirdə Türkanın ifası izləyicilərin də diqqətini çəkmişdi.
Pandemiya dövründə Süleyman müəllim Türkana birgə mahnı oxumağı təklif edib və o da bu təklifi məmnuniyyətlə qarşılayıb. Beləliklə, onlayn duet videoları ərsəyə gəlib və trendə çevrilib.
“Bu yaşımda mahnı oxumağım Türkana görədir, ona dəstək olmaq üçün oxuyuram. Atasından icazə aldım və bu cür duetlərimiz yarandı. Başqa dillərdə - rus, özbək dillərində də oxuyuruq. Gələcəkdə ingilis dilində də oxumaq istərdik”, – deyə o əlavə edib.
On birinci sinif şagirdi Türkan Rəhimova məktəb tədbirlərində həmişə fəal iştirak edir. Sonuncu oxuduqları “Elfida” mahnısına dueti Süleyman müəllimə Türkan təklif edib və ona mahnının qəmli bir hekayəsi olduğu üçün diqqətini çəkdiyini bildirib. Xəstə bir qıza ithaf edilən musiqinin sözləri və melodiyası müəllim və şagirdin ifasında uğurlu alınıb. Onlar bu dueti xəstə uşaqlara həsr ediblər.
Duetlərinin bu qədər məşhurlaşacağını gözləməyən Türkanın sözlərinə görə, ilk dəfə duet oxuyanda həyəcandan yaxşı alınmırdı. “Süleyman müəllim mənə çox dəstək oldu. Oxuduq, yayımladıq, gördüm ki, baxış sayı günbəgün çoxalır. Pandemiya vaxtı isə ilk dəfə birgə oxuduğumuz “Cənab leytenant” mahnısı idi”, – deyə Türkan Rəhimova bildirib.
Türkan aktrisa olmaq arzusundadır. Ona görə də Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsinə qəbul olmaq üçün hazırlaşır.

 

Regionlar 2022-09-28 14:47:00

Video