×
A
A
A
Sazlamalar

Respublika Gənclər Kitabxanası Mir Cəlal Paşayev haqqında hazırlanan silsilə materialları istifadəçilərə təqdim edib

Bakı, 28 sentyabr, AZƏRTAC

Bu gün XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş, yüzlərlə tələbənin qəlbində, hafizəsində silinməz gözəl xatirələr ilə qalmış, görkəmli alim, yazıçı, pedaqoq Mir Cəlal Paşayevin vəfatından 44 il ötür. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası görkəmli alimin həyat və yaradıcılığından bəhs edən silsilə materiallar hazırlayıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, hazırlanan materiallarda Mir Cəlalın pedaqoji və alimlik fəaliyyətinə geniş yer verilib, maraqlı məlumatlar təqdim olunub. Burada yüzlərlə tələbənin sevimli müəllimləri haqqında xatirələri də yer alıb. Bundan əlavə, təqdim olunan materiallarda Mir Cəlalın “Dirilən adam", "Bir gəncin manifesti", "Açıq kitab" romanları haqqında da məlumatlar verilib.
Kitabxana əməkdaşları tərəfindən hazırlanan “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı tövsiyə ədəbiyyat siyahısında isə Mir Cəlal Paşayevin həyat və yaradıcılığının əsas tarixləri, görkəmli şəxslərin onun yaradıcılığı ilə bağlı söylədikləri dəyərli fikirlər, ədib haqqında yazılan 20-dən, özünün müəllifi olduğu 25-dən artıq kitabın biblioqrafik təsviri yer alıb. Materialda Mir Cəlal Paşayev haqqında dövrü mətbuatda verilən məqalələrin siyahısı da təqdim edilib. Hazırlanan materiallar kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.
Bundan əlavə kitabxana daxilində “Böyük ədib Mir Cəlal Paşayev” adlı ənənəvi kitab sərgisi də təşkil olunub. Sərgidə ədibin həyat və yaradıcılığını əks etdirən kitablar, dövrü mətbuat nümunələri, kitabxana əməkdaşları tərəfindən hazırlanan “Ədəbiyyatımızın Mir Cəlal zirvəsi” adlı tövsiyə ədəbiyyat siyahısı sərgilənməkdədir.

 

 

Mədəniyyət 2022-09-28 14:20:00