×
A
A
A
Sazlamalar

On bir nömrəli musiqi məktəbində Anım Günü

Bakı, 28 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin A.Məlikov adına 11 nömrəli musiqi məktəbində Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Nəzəriyyə ixtisası üzrə müəllim Aytən Əzizova məruzə ilə çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.
A.Əzizova Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlər və qazilər isə qürur mənbəyimiz olmasından, həmçinin ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, arxa cəbhədə çalışan mülki insanlarımızın, bütövlükdə xalqımızın əzm və iradə göstərməsindən, eləcə də bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənə sarsıdıcı zərbələr endirməsindən danışıb.
Məktəbin direktoru qeyd edib ki, Azərbaycan hər zaman mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir və xatirəsini uca tutur: “Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimiz, bütün şəhidlərimiz hər zaman dərin ehtiramla yad ediləcək”.
Sonra məktəbin şagirdləri Qarabağa və şəhidlərə həsr olunan şeirlər söyləyiblər. Məktəbin VIII sinif şagirdi Fərid Məmmədov “Xudayar təsnifi”ni səsləndirib.

Mədəniyyət 2022-09-28 11:45:00