×
A
A
A
Sazlamalar

Kitabxananın əməkdaşları tərəfindən Anım Günüdə şəhidlərimizin xatirəsi anılıb

Bakı, 28 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nizami rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının əməkdaşları 109 nömrəli tam orta məktəbin nəzdində yerləşən Zəngilan rayon 13 nömrəli tam orta məktəbinin şagirdləri ilə birgə Anım Günü ilə əlaqədar şəhidlərimizin xatirəsini yad ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
MKS-nin əməkdaşı V.Məlikqasımova bildirib ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başladığı növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb: “Vətən müharibəsində Silahlı Qüvvələrimizin hərbi qulluqçuları qəhrəmancasına həlak olub və yaralanaraq sağlamlığını itirib. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunub”.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb: “Vətəni canı bahasına qoruyaraq uca zirvəyə yüksələn, Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimiz daim qəlblərdə yaşayacaq, onların xatirəsi hər zaman əziz tutulacaq”.

Mədəniyyət 2022-09-28 11:42:00