×
A
A
A
Sazlamalar

Astaranın dillər əzbəri olan məşhur məkanı: “Yanar bulaq” VİDEO

Astara, 28 sentyabr, AZƏRTAC

Ölkəmizin bir çox bölgəsində zəngin mineral tərkibi, müalicəvi əhəmiyyəti ilə seçilən çoxlu bulaqlar var. Onlardan biri də Astara rayonundakı “Yanar bulaq”dır. Ərçivan qəsəbəsində yerləşən bulağın suyunu möcüzəli su adlandırırlar. Bu bulaq həm də özünəməxsus digər bir xüsusiyyəti - alovlanmağı ilə görənləri təəccübləndirir. Elə buna görə də el arasında “Yanar bulaq” kimi tanınır.
AZƏRTAC xəbər verir ki, bu suyun tərkibində çoxlu miqdarda kükürd və metan qaz olduğundan məşəl kimi alovlanır.
Bundan başqa, yay aylarında bulağın suyu nisbətən azalsa da, qış aylarına doğru buradan çıxan suyun həcmi xeyli artır. Yerli sakinlər bildirirlər ki, yeraltı təkanlar olduqda su bulaqdan fəvvarə kimi təzyiqlə çıxır. Həmçinin bir il bundan qabaq “Yanar bulaq” aktivləşərək palçıq püskürüb, hətta bulağın qəfil püskürməsi sakinlərdə təlaş da yaratmışdı.
İllərlə qurumayan bulaq yerli sakinlərin şəfa mənbəyinə çevrilib. Hətta bura qonşu rayonlardan da gələnlər az deyil. Sakinlər inanırlar ki, xəstə olan biri bu sudan içərsə, şəfa tapacaq.
Qonşu rayondan bura gələn Gülbahar Sadıqova bildirib ki, bu sudan əsasən mədə-bağırsaq xəstəliklərindən əziyyət çəkənlər istifadə edirlər: “Mən hər il bura 4-5 dəfə gəlirəm. Mədə-bağırsaq xəstəliyim vardı. Bu sudan istifadə edəndən sonra sanki xəstəlik yox oldu. Onun üçün hər dəfə bu sudan aparıb evdə də istifadə edirəm. İndi yaxınlarıma bu suyun necə bir möcüzəvi olduğunu deyirəm. Bura gələndə xəstəliyi olan qohumlarımı da gətirirəm ki, sudan içib şəfa tapsınlar”.
Maraqlısı odur ki, alimlər bulağın qeyri-adi bir möcüzəyə sahib olmadığını bildirsələr də, suyun tərkibində çoxlu miqdarda kükürd və metan qazı olduğunu təsdiq edirlər. Bulaqdan kükürdlü su ilə bərabər metan qazı da çıxdığından, alovu suya yaxınlaşdırarkən, sudan ayrılan qaz məşəl kimi alovlanır.
Bulağın yaranma tarixi isə ötən əsrin 70-ci illərinə təsadüf edir. Belə ki, ərazidə kəşfiyyat işləri aparan geoloqlar burada yeraltı çayların axdığını aşkarlayıblar. Daha sonra əraziyə xüsusi ekspedisiya qrupu cəlb olunaraq qazıntılara başlanılıb.
Qeyd edək ki, “Yanar bulaq” kompleksi həm də yerli əhəmiyyətli tarixi abidə kimi qorunur.

Regionlar 2022-09-28 10:45:00

Video