×
A
A
A
Sazlamalar

Lənkəranın Gəgiran kəndində şəhid Baloğlan Əhədlinin xatirəsinə inşa olunan kompleks açılıb

Lənkəran, 28 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də - Anım Günündə Lənkəran rayonunun Gəgiran kəndində Vətən müharibəsi şəhidi Əhədli Baloğlan Şakir oğlunun xatirəsinə inşa edilən kompleksin açılışı olub.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Mikayıl Cəfərzadə çıxış edərək, 44 günlük müharibədə qazandığımız Qələbədən danışıb, şəhidlərimizin qisasının alındığını, ərazi bütövlüyümüzün təmin olunduğunu vurğulayıb.
Şəhid atası Şakir Əhədov ölkə rəhbərliyinin diqqət və qayğısını hər zaman hiss etdiklərini, şəhid ailələrinə xüsusi ehtiram və hörmətlə yanaşıldığını bildirib.
Çıxışlardan sonra məktəblilərin ifasında qəhrəman Vətən övladlarına həsr olunan şeirlər səsləndirilib.
Daha sonra kənd qəbiristanlığında şəhidlərimizin məzarları ziyarət olunub, dualar oxunub.
Baloğlan Əhədli "İgidliyə görə", "Vətən uğrunda", "Qubadlının azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.

 

Regionlar 2022-09-28 11:00:00