×
A
A
A
Sazlamalar

Arif Həşimov: Azərbaycanda Dördüncü Sənaye İnqilabı texnologiyalarının geniş tətbiqi ilə bağlı mühüm işlər görülür

Bakı, 28 sentyabr, AZƏRTAC

Azərbaycan dövləti ölkəmizdə Dördüncü Sənaye İnqilabı texnologiyalarının geniş və effektli tətbiqi ilə bağlı bir sıra addımlar atmaqdadır. Fikrimcə, Azərbaycanın Avropaya inteqrasiyası baxımından bu texnologiyaların imkanları mühüm əhəmiyyət kəsb edir.
AZƏRTAC xəbər verir ki, bunu Bakıda “5-ci Şərq Tərəfdaşlığı E-infrastrukturlar Konfransı”nın açılış mərasimində AMEA-nın prezidenti vəzifəsini icra edən akademik Arif Həşimov söyləyib. O, dünyada baş verən Dördüncü Sənaye İnqilabı nəticəsində bütün fəaliyyət sahələri kimi, elm və təhsil sahələrinin də yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib.
Akademik Azərbaycanın Avro-Atlantik məkana inteqrasiya olunması istiqamətində dövlətimiz tərəfindən uzun illər ərzində ardıcıl və məqsədyönlü siyasətin həyata keçirildiyini, əsası ümummilli lider Heydər Əliyevin qoyduğu bu siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında əməkdaşlığın tarixindən bəhs edən akademik bu əlaqələrin hüquqi əsasının 1996-cı ildə imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi ilə qoyulduğunu, 2004-cü ildən başlayaraq Avropa İttifaqı ilə Azərbaycan arasındakı əlaqələrdə yeni bir mərhələnin başladığını bildirib.
Qeyd edək ki, GEANT Assosiasiyasının təşəbbüsü və koordinasiyası ilə həyata keçirilən, Şərq Tərəfdaşlığı ölkələrini əhatə edən “EaPConnect” (EU4Digital: Connecting Research and Education Communities) layihəsi çərçivəsində reallaşdırılan tədbirin keçirilməsində əsas məqsəd Şərq Tərəfdaşlığı ölkələri arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və bu dövlətlərin Avropa ictimaiyyətinə inteqrasiyasının sürətləndirilməsidir.

Texnologiya 2022-09-28 10:23:00