×
A
A
A
Sazlamalar

Azərbaycan könüllüləri 27 Sentyabr – Anım Gününü qeyd ediblər

Bakı, 28 sentyabr, AZƏRTAC
Gənclər Fondunun dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı və könüllülərinin iştirakı ilə 27 Sentyabr – Anım Gününə həsr olunan silsilə tədbirlər həyata keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirlə əlaqədar olaraq təşkilat nümayəndələrinin və könüllülərin iştirakı ilə İkinci Fəxri xiyaban ziyarət edilib. 500-ə yaxın könüllünün iştirak etdiyi ziyarətdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən oğullarının məzarları üzərinə gül dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib.
Könüllülərin 44 günlük Vətən müharibəsinin qaziləri ilə görüşü də baş tutub. Görüşdə Azərbaycan Respublikasının Himni səsləndirilib və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərin əziz və unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qəhrəman qazilərimiz 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun döyüş meydanında əldə etdiyi şanlı Zəfərdən, müharibə ilə bağlı xatirələrindən, göstərdikləri igidliklərdən bəhs ediblər. Görüş könüllüləri maraqlandıran suallarla davam edib.
Tədbirlər silsilə formada Ağdam rayonunun işğaldan azad olunmuş ərazilərində də davam edib. Belə ki, Prezidentinin Qarabağ İqtisadi rayonu üzrə xüsusi nümayəndəliyinin dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə baş tutan “Ağdam Könüllüləri” proqramı üzrə Ağdam şəhərində 20 nəfərə yaxın könüllü ağacəkmə aksiyasında iştirak edib.

Cəmiyyət 2022-09-28 08:57:00