×
A
A
A
Sazlamalar

MDU-da Vətən müharibəsi iştirakçıları ilə görüş təşkil olunub

Bakı, 28 sentyabr, AZƏRTAC
Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov 44 günlük Vətən müharibəsində iştirak etmiş universitetin əməkdaşları, tələbələri və məzunları ilə görüşüb. Görüşdə bu ali təhsil müəssisəsinin şəhid məzunları Kənan Abdullayev və Əzəmi Hüseynovun ailə üzvləri, qazi məzun Abdulla Abdullayev, hazırda MDU-nun birinci kursunda təhsil alan “Azərbaycan Bayrağı” ordenli tələbəsi Elnur Salahov da iştirak ediblər.
MDU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə universitetin şəhid və qazi məzunlarının 44 günlük Vətən müharibəsi zamanı keçdikləri şərəfli döyüş yollarına bir daha nəzər yetirilib. Qanları və canları bahasına 30 illik yurd həsrətinə son qoyan qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla anılıb. Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda qəhrəmanlıq göstərən igid əsgər və zabitlərimizlə qürur duyulduğu bildirilib.
Qeyd edilib ki, Vətən müharibəsi dövründə MDU-nun tələbə, məzun və əməkdaşları həm ön cəbhədə döyüşlərdə, həm də arxa cəbhədə sosial və mənəvi dəstək tədbirlərində, informasiya mübarizəsində yüksək fəallıq göstəriblər. Tarixi Zəfər yürüşündə MDU-nun 4 əməkdaşı, 120-dən çox tələbə və məzunu iştirak edib, 5 məzunu isə şəhdlik zirvəsinə ucalıb. Həmçinin MDU-nun bir məzunu bu ilin sentyabrın 12-də Ermənistan silahlı qüvvələri tərəfindən sərhəddə törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Döyüş tapşırıqlarını şərəflə yerinə yetirən, mərdlik və igidlik göstərən qəhrəman tələbə və məzunlarımızın dövlərimizin başçısı tərəfindən müvafiq orden və medallarla təltif olunduğu diqqətə çatdırılıb.
Şəhidlərin adlarının əbədiləşdirilməsi, onların qəhrəmanlıqlarının gənc nəsil arasında təbliği istiqamətində MDU-da görülən işlərdən məmnunluqlarını ifadə edən görüş iştirakçıları göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.
Qeyd edək ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar olaraq MDU-da təsdiq edilmiş müvafiq tədbirlər planı çərçivəsində çoxsaylı silsiləvi tədbirlər davam edir.

Regionlar 2022-09-28 08:39:00