×
A
A
A
Sazlamalar

Ağcabədidə 27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq ağacəkmə aksiyası keçirilib

Ağcabədi, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar olaraq Ağcabədidə ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası(YAP) rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və Qarabağ Regional Təhsil İdarəsinin nümayəndəsi əvvəlcə Muğanlı kəndində Qəhrəmanlar Parkını və Hindarx qəsəbəsində Şəhidlər xiyabanını ziyarət ediblər. Ağcabədi şəhərindəki Bayraq Meydanından Qəhrəmanlar Parkına qədər yürüş keçirilib. Yürüşdə şəhid ailələrinin üzvləri, qazilər, ictimaiyyət nümayəndələri, rayon sakinləri iştirak ediblər. İştirakçılar əllərində üçrəngli bayrağımız və şəhidlərimizin şəkilləri olan plakatlar tutaraq “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qarabağ Azərbaycandır”, “Hər şey Vətən üçün” və digər şüarlar səsləndiriblər. Qəhrəmanlar parkında torpaqlarımızın azadlığı uğrunda canından keçmiş oğullarımızın məzarları ziyarət olunub, üzərinə tər çiçəklər düzülüb.
Tədbirin növbəti hissəsi şəhidlərimizin xatirəsinə ucaldılmış abidə kompleksinin qarşısında keçirilib. Azərbaycanın Dövlət Himni səsləndirildikdən sonra Ağcabədi şəhər Cümə məscidinin imamı şəhidlərimizin ruhuna dualar oxuyub.
Anım tədbirində çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov 2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycan Ordusunun Zəfəri ilə başa çatan Vətən müharibəsi zamanı canlarını fəda edən oğullarımızın xatirəsinin həmişə qəlbimizdə yaşayacağını bildirib, onların ailələrinin, o cümlədən qazilərimizin daim diqqətdə saxlanıldığını qeyd edərək, dövlətimiz tərəfindən bu istiqamətdə görülən işləri diqqətə çatdırıb.
Tədbirdə şəhid ailələrinin üzvləri-Aqil Talıbov, Aynur Kərimova, Qumru Süleymanova çıxış ediblər. Məktəblilər və şəhid övladları şeirlər söyləyiblər.
Sonda Qəhrəmanlar Parkında ağacəkmə aksiyası keçirilib, rəmzi olaraq 44 ədəd ağac əkilib. Saat 12-00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Regionlar 2022-09-28 08:14:00