×
A
A
A
Sazlamalar

27 Sentyabr-Anım Günü laçınlılar və xocavəndlilər tərəfindən silsilə tədbirlərlə qeyd edilib

Ağcabədi, 28 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

27 Sentyabr- Anım Günü laçınlılar və xocavəndlilər tərəfindən silsilə tədbirlərlə qeyd edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsinə ucaldılmış abidələr ziyarət edilib, müxtəlif tədbirlər, ağacəkmə aksiyaları keçirilib. Vətən müharibəsi şəhidlərinin xatirəsi ehtiramla anılıb.
Laçın
Laçınlı məcburi köçkünlərin müvəqqəti məskunlaşdıqları Ağcabədi rayonunun Taxtakörpü qəsəbəsində keçirilən anım mərasimində Laçın Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri və qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları Taxtakörpü, Qayğı qəsəbəsinin girişindən Şəhidlər Xatirə Kompleksinə doğru yürüş ediblər. Rayon üzrə bütün şəhidlərin adlarının həkk olunduğu, əbədi məşəlin alovlandığı abidə ziyarət edilərək, önünə tər çiçəklər düzülüb, şəhidlərin ruhuna dualar oxunub.
Saat 12:00-da şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Rayon icra hakimiyyətinin başçısı Aqil Nəzərli şəhid ailələri və qazilərlə görüşərək, onların qayğı və problemləri ilə maraqlanıb.
44 günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə ərazidə ağacəkmə aksiyası keçirilib.
Xocavənd
Sentyabrın 27-də Xocavənd Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi iştirakçıları, veteranlar, “N” hərbi hissəsinin əsgər və zabitləri və rayon ictimaiyyəti nümayəndələri Beyləqan rayonu ərazisindəki “Xocavənd” qəsəbəsində 44 günlük Vətən müharibəsi şəhidlərinin dəfn olunduğu “Şəhidlər” Memorial Abidə Kompleksini ziyarət ediblər.
Tədbir “Şəhidlər” Memorial Abidə Kompleksi ərazisində şəhid ailələrinin üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası ilə başlayıb. Daha sonra Vətən müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Mərasim iştirakçıları şəhidlərin məzarları önünə tər qərənfillər düzərək, ruhlarına dualar oxuyublar.
Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov çıxış edərək, Birinci və İkinci Qarabağ müharibələri zamanı şəhid olmuş bütün Vətən övladlarına Allahdan rəhmət, ailə üzvlərinə isə səbir diləyib. Bildirib ki, 30 ilə yaxın davam edən Qarabağ münaqişəsinə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 44 gün davam edən müharibə ilə son qoyuldu. Azərbaycan Vətən müharibəsində nəinki öz ərazi bütövlüyünü bərpa etməyə nail olub, həm də bütün regionda yeni siyasi reallıqlar yaradıb.
44 günlük Vətən müharibəsi iştirakçısı ehtiyatda olan polkovnik-leytenant, Xocavənd Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Hafiz Mirzəliyev çıxışında bildirib ki, 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlətimizin başçısının ətrafında sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda, yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edilib. Azərbaycanın müzəffər Ordusunun Zəfər yürüşü, düşmənin sonadək bütün torpaqlarımızdan qovulması, Qarabağın, xüsusən də xalqımızın ləyaqət və qürur simvolu sayılan Şuşanın işğaldan tam azad edilməsi, uzun illər düyünə düşmüş və region üçün təhlükə mənbəyi olan münaqişənin uğurla və ədalətlə həll edilməsi, həm də yaşadığımız bölgədə sülhə və təhlükəsizliyə əvəzsiz töhfədir.
“Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Xocavənd rayon şöbəsinin sədri Müşviq Hüseynov bildirib ki, 1990-cı illərin əvvəllərindən başlayan Qarabağ müharibəsində xocavəndlilər düşmənə qarşı qəhrəmanlıqla mübarizə aparıb və onlarla şəhidlər veriblər.
Şəhid Elzamin Tağıyevin atası Eyvaz Tağıyev çıxışında 44 günlük Vətən müharibəsinin xalqımızın yaddaşında silinməz izlər buraxdığını və əldə olunmuş Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib.
Tədbirdə Salakətin kənd tam orta məktəbinin şagirdlərinin hazırladıqları şeirlərdən ibarət ədəbi-bədii kompozisiya nümayiş edilib.

Regionlar 2022-09-28 07:36:00