×
A
A
A
Sazlamalar

Muxtar respublikanın rayonlarında Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Naxçıvan, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında öz əzmi və şücaəti ilə işğal olunmuş torpaqlarımızı düşməndən təmizlədi, ölkəmizin ərazi bütövlüyünü təmin etdi. Bu şərəfli yolda ölkəmizin hər bölgəsindən olan Vətən oğulları fəallıq göstərdi. Muxtar respublikamızın bütün rayonları ilə birlikdə Şərur rayonunun yetirmələri də torpaqlarımızın azad olunması uğrunda mübarizə apardı, qəhrəman gəncləri şəhidlik məqamına ucaldı, qazi adı qazandı.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Vətən torpaqlarının işğaldan azad edilməsi yolunda mübarizə aparmış, şəhid olmuş əsgər və zabitlərimizə hörmət əlaməti olaraq 27 Sentyabr – Anım Günü münasibətilə Şərur rayonunda tədbir keçirilib. Şərur Rayon İcra Hakimiyyəti aparatının, idarə, müəssisə və təşkilatların nümayəndələri Şərur şəhərindəki Şəhidlər xiyabanını ziyarət edib, şəhidlərin xatirəsinə ehtiramlarını bildiriblər. Şəhidlərimizin ruhuna dualar oxunub.

***

Sentyabrın 27-si – ölkəmizdə şəhidlərimizə ehtiram əlaməti olaraq qeyd olunan Anım Günü münasibətilə Babək rayonunda da tədbirlər keçirilib. Rayondakı şəhidlərin Abidə Kompleksi və şəhid məzarları ictimaiyyət tərəfindən ziyarət olunub, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb.
Qeyd edək ki, Vətən müharibəsində 17 babəkli şəhadət zirvəsinə ucalıb, ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirərək qazi adını qazananlar olub. Bu gün ölkəmizdə və muxtar respublikamızda şəhid ailələrinə, qazilərə xüsusi diqqət və qayğı göstərilir, dövlətimiz tərəfindən onların sosial problemləri uğurla həll olunur. Dövlətimizin başçısı İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” imzaladığı Sərəncam bu kateqoriyadan olan insanların daim diqqət mərkəzində olmasından xəbər verir. Bunun ifadəsi kimi cari ildə də həmin ailələr diqqət mərkəzində saxlanılıb. Rayonun Yarımca kəndindən olan şəhid İbrahim Vəlizadənin ailəsi Babək şəhərində yerləşən 7 mərtəbəli binadan mənzillə təmin olunub. Vətən müharibəsi qazilərindən Yusif Tağızadə, Fərman Mirzəmmədov və Cövdət Əliyevə minik avtomobilləri verilib.

***

Görkəmli dövlət xadimi Heydər Əliyev deyirdi: “Hər şəhid bizim üçün böyük itkidir. Onların xatirəsi bizim üçün əzizdir, qəlbimizdə daim yaşayacaqdır”.
Ulu Öndərimizin şəhidlərimizə verdiyi bu yüksək qiymət canını Vətənin ərazi bütövlüyü yolunda sipər edərək ən ali məqama ucalmış igid oğullarımızın yaşadıqları qısa və şərəfli ömrün hamımız üçün örnək olduğunun göstəricisidir. Ötən iki il müddətində xalqımız şəhidlərin xatirəsini həmişə uca tutub, bu gün də uca tutur. Culfa rayonu da Vətən müharibəsində şəhid verib.
Sentyabrın 27-də rayonda keçirilən tədbirlər zamanı şəhid məzarları ziyarət edilib, şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla anılıb. Culfa Rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri şəhidlərin əziz xatirəsini yad etmək üçün Heydər Əliyev prospektindəki Şəhidlər Abidə Kompleksi ərazisinə gəlib, buradakı abidənin önündən keçərək, tər qərənfillər düzməklə ehtiramlarını bildiriblər.
Daha sonra Culfa şəhərindəki şəhid məzarları ziyarət edilib, məzarlar önünə gül dəstələri düzülüb, Vətən yolunda, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimiz yad edilib.
Anım Günü ilə əlaqədar rayonun kəndlərindəki şəhid məzarları da ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

***

Qırx dörd günlük Vətən müharibəsində igidlik göstərərək şəhidlik zirvəsinə ucalanlar arasında Ordubad rayonunda doğulub boya-başa çatmış Vətən övladları da az deyil. Mayor Asiman Əliyevin, kapitan Ülvü Hüseynovun, baş leytenant Şamil Babayevin, baş leytenant Namiq Xəlillinin, leytenantlardan Mətin Hüseynovun, Seymur Hüseynoğlunun, İntiqam Abdullayevin, gizir Rufiz Budaqovun, əsgərlərimizdən Ülvi Rəfiyev və Saday Məmmədəliyevin xatirələri daim uca tutulur, göstərdikləri qəhrəmanlıqlar bugünkü gəncliyə örnək göstərilir.
Vətən müharibəsinin başladığı gün – Anım Günü ilə əlaqədar Ordubad rayonunda da tədbirlər keçirilib. İlk olaraq Ordubad şəhərindəki Şəhidlər xiyabanındakı şəhid məzarları ziyarət olunaraq üzərilərinə tər çiçəklər düzülüb. Həmin gün Ordubad Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, təşkilat və müəssisələrinin, rayon ictimaiyyətinin nümayəndələri rayon ərazisindəki şəhid məzarlarını ziyarət edib, şəhid ailələrinin yaşadıqları ünvanlarda olub, şəhidlərin ruhlarına dualar oxunub.

***

Sentyabrın 27-də Kəngərli rayonunda da Anım Günü ilə bağlı tədbirlər keçirilib. Kəngərli Rayon İcra Hakimiyyəti aparatının, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman övladların xatirəsini yad etmək üçün Qıvraq qəsəbəsində şəhidlərin xatirəsinə ucaldılmış abidənin qarşısından keçərək onların xatirəsinə dərin ehtiramlarını bildirib, abidə önünə güllər düzüblər.
Anım Günü ilə əlaqədar Kəngərli Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin təşkilatçılığı ilə Kəngərli rayonundakı Bayraq Meydanında “Böyük Qayıdış” adlı tədbir keçirilib. Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonda məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, “Bir əsgərin həyatı” adlı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

***

Anım Günündə Şahbuz rayonunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin, idarə, müəssisə və təşkilatlarının nümayəndələri Şahbuz şəhərində yerləşən Şəhidlər Abidə Kompleksini ziyarət edib, ərazi bütövlüyümüz uğrunda canından keçən igidlərimizin əziz xatirəsi yad olunub.
Qeyd edək ki, həmin gün rayonun kəndlərindəki şəhid məzarları da ziyarət edilib, şəhidlərin ruhuna dualar oxunub.

***

Vətən müharibəsində ərazi bütövlüyümüzün təmin olunmasında qeyrət qalası Sədərək rayonunun igidləri də şücaət göstəriblər. 1990-cı illərdə düşmənin qarşısında səddə çevrilən Sədərəkdə güllə səsi altında böyüyən oğullar Vətən müharibəsində düşmənin başında şimşək kimi çaxıb.
Müharibənin başlanmasının ikinci ildönümündə respublikamızın hər yerində olduğu kimi, Sədərəkdə də Şəhidlər xiyabanında uyuyan igid oğullarımız ehtiramla anılıb. Sədərək Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, təşkilat nümayəndələri xiyabana gələrək məzarlara gül dəstələri qoyublar, şəhidlərimizin ruhuna dualar oxuyublar.

Regionlar 2022-09-27 22:06:00