×
A
A
A
Sazlamalar

Şəhidlərin xatirəsi Bərdədə ehtiramla yad edilib

Bərdə, 27 sentyabr, AZƏRTAC
Qırx dörd günlük Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi ölkəmizin bütün bölgələrində olduğu kimi, Bərdə rayonunda da ehtiramla yad olunub. Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə Vətən müharibəsi dövründə Ermənistan ordusu tərəfindən Bərdə rayonunun raket atəşinə tutulması nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzülüb. Şəhidlərin xatirəsi yad olunub, ruhlarına dualar oxunub. Sonra Şəhidlər xiyabanında uyuyan şəhidlərin məzarları ziyarət edilib.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bildirib ki, Prezident İlham Əliyevin Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub. Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin “Smerc” tipli raketlərdən zərbə endirdiyi Bərdə rayonunda da anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.
V.İsayev 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışıb, bu günün Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olunduğunu, ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildiyini qeyd edib.
Milli Məclisin deputatı Fatma Yıldırım çıxış edərək bildirib ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur. Ermənilərin son günlərdə Azərbaycanın sərhədindəki təxribatın qarşısının alınması zamanı Ordumuzun cavab zərbəsi bir daha göstərdi ki, xalqımız, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşib, Qələbə bayrağını daim yüksəkdə saxlayacaqdır.
Həmin gün rayonun Zümürxan kəndində tikilmiş şəhidlərin xatirə kompleksinin açılışı olub.

Regionlar 2022-09-27 20:20:00