×
A
A
A
Sazlamalar

Abdulla Şaiqin mənzil-muzeyində “Zəfərə aparan yol” adlı tədbir təşkil olunub

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Abdulla Şaiqin mənzil-muzeyində Anım Gününə həsr edilmiş “Zəfərə aparan yol” adlı tədbir və yazıçı-jurnalist Tamilla Teymurqızının “Ruhum qaldı Qarabağda” adlı kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə qeyd olunub ki, Azərbaycan hər zaman mübariz oğullarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir və xatirəsini uca tutur: “Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandıran, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda edən əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərancamı ilə hər il sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd edilməsi qərara alınıb”.
Tədbirdə Abdulla Şaiqin mənzil-muzeyinin direktoru Ülkər Talıbzadə, Cəlil Məmmədquluzadənin ev-muzeyinin direktoru Yeganə Qasımlı, Nəriman Nərimanovun xatirə muzeyinin əməkdaşları, təqdimatı keçirilən kitabın müəllifi Tamilla Teymurqızı, şəhid ailəsi Çimnaz Hüseynova, və başqaları çıxış edərək bildiriblər ki, Ermənistanın ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-də etdiyi növbəti hərbi təxribata cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi ilə işğal altındakı torpaqların azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb: “44 gün davam edən müharibə Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə nəticələndi. Hər qarışında şəhid qanı axan torpaqlarımız Azərbaycan xalqının igid oğullarının qanları bahasına qaytarıldı. Qan axıdan, vətən yolunda şəhadətə yüksələn heç bir şəhidin haqqı yerdə qalmadı. Silahlı qüvvələrin hər bir vətən əsgəri onların qisasını layiqincə aldı”.
Bədii hissədə Xətai rayonu 58 nömrəli tam orta məktəbin şagirdləri vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər. Sonra şəhidlərin əziz xatirəsinə həsr edilmiş videoçarx nümayiş etdirilib.

Mədəniyyət 2022-09-27 18:46:00