×
A
A
A
Sazlamalar

Naxçıvan şəhərində şəhidlərimizin xatirəsi ehtiramla yad olunub

Naxçıvan, 27 sentyabr, AZƏRTAC

Azərbaycanın dövlət müstəqilliyi, ərazi bütövlüyü uğrunda qurban gedənlərin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayır, qəhrəman şəhidlərimizin xatirəsi bütün ölkəmizdə daim yad edilir.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sentyabrın 27-də Anım Günü ilə əlaqədar Naxçıvan Şəhər İcra Hakimiyyətinin, tabeli müəssisə və təşkilatların əməkdaşları, ictimaiyyət nümayəndələri Naxçıvan şəhərindəki Şəhidlər xiyabanına və şəhər qəbiristanlığına yürüş edib. Şəhidlərimizin ruhuna “Qurani-Kərim”dən ayələr oxunub, dualar edilib, məzarları önünə gül dəstələri düzülüb.
Ölkəmizdə olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərə hərtərəfli qayğı sosial siyasətin əsas istiqamətinə çevrilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu kateqoriyadan olan şəxslərin mənzil və avtomobillərlə təminatı diqqət mərkəzində saxlanılıb, sağlamlığını itirmiş insanlara müvafiq dərəcələrin təyin olunması istiqamətində zəruri addımlar atılıb. İkinci Qarabağ müharibəsindən sonra 43 sosial qayğıya ehtiyacı olan ailə mənzillərlə təmin olunub, 44 şəxsə minik avtomobili təqdim edilib. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 14 dekabr tarixli Fərmanı əsasında yaradılmış “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu” tərəfindən silsilə tədbirlər həyata keçirilir. Ali Məclis Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzləri” yaradılıb.

Regionlar 2022-09-27 20:22:00