×
A
A
A
Sazlamalar

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi Yevlaxda ehtiramla anılıb VİDEO

Yevlax, 27 sentyabr, AZƏRTAC
27 Sentyabr - Anım Günü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Yevlaxda da Vətən uğrunda canlarını qəhrəmancasına fəda etmiş şəhidlərimizin xatirəsi dərin ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Yevlax Şəhidlər xiyabanında şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzərək, xatirələrinə ehtiramlarını bildiriblər. Sonra ağacəkmə aksiyası keçirilib.
Bəşir Səfəroğlu adına Xalq Teatrında Yevlax şəhər Mədəniyyət Mərkəzinin əməkdaşları tərəfindən Anım Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Həmin gün Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən şəhidlərin xatirəsinə ehsan süfrəsi açılıb.
Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev çıxışında bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, ədalət bərqərar oldu və bu gün şəhidlərimizin ruhları şaddır.
A.Tağıyev Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda övladlarını itirən analara öz ehtiramını bildirərək, şəhidlərimiz kimi, onların ailələrinin də hər kəs üçün çox dəyərli olduqlarını diqqətə çatdırıb.
Qeyd edilib ki, Prezident İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında" Sərəncama əsasən, 27 Sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti, şəhid ruhlarına, şəhidlərin doğmalarına ehtiramın göstəricisidir.
Anar Tağıyev Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, məcburi köçkün ailələrinə, Qarabağ müharibəsi əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan da danışıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.
Diqqətə çatdırılıb ki, 44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübuta yetirdi. Həmin günlərdə Yevlax sakinləri də böyük vətənpərvərlik duyğuları nümayiş etdirdilər. Yevlaxlılar tarixi Qələbənin qazanılmasında öz sözlərini dedilər. İki il öncə yüzlərlə Yevlax sakini Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli” əmri ilə Qarabağ uğrunda savaşa atıldı. Könüllülərin sayı-hesabı yox idi. Yevlaxlı igidlər Suqovuşandan Şuşayədək qəhrəmanlıqla döyüşdülər. Qarabağın hər bir qarışında Yevlaxın igid övladlarının da qanı var.
Bildirilib ki, şəhidlərimizin əziz xatirələri Yevlaxda da sonsuz ehtiram və hörmətlə yad edilir. Onların xatirələrinin əbədiləşdirilməsi, yaşadığı binaların qarşısında, oxuduğu məktəblərdə xatirə komplekslərinin, guşələrin yaradılması istiqamətində bir sıra işlər həyata keçirilib və bu işlər davam etdirilir.
Mərasimdə “Seyid Yusif Ağa” ziyarətgahının rəhbəri Seyid Səbuhi Yusifov, Qafqaz Müsəlmanları İdarəsinin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsi hacı Tahir Abbasov və başqaları çıxış edərək şəhidlərin qəhrəmanlıqlarından danışıblar.
Ehsan süfrəsində, həmçinin Yevlax Cümə məscidinin imamı hacı Eldəniz Əhmədov tərəfindən “Qurani-Kərim”dən ayələr oxunub, xalqımızın və dövlətimizin firavanlığı, əmin-amanlığı üçün dualar edilib. Ehsan mərasimi zamanı şəhidlərin xatirəsinə həsr edilmiş sənədli film nümayiş olunub.
Şəhid ailələri və qazilər çıxışlarında şəhidlərimizin əziz xatirələrinə, eləcə də şəhid ailələrinə və qazilərə göstərdikləri böyük qayğı və diqqətə görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini bildiriblər.
Saat 12:00-da Yevlaxda şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Regionlar 2022-09-27 16:40:00

Video