×
A
A
A
Sazlamalar

Sumqayıtın idman ictimaiyyətinin nümayəndələri şəhid ailələrini və qaziləri ziyarət ediblər

Sumqayıt, 27 sentyabr, Ətrabə Rzayeva, AZƏRTAC

Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş Heydərov Anar Bəhruz oğlunun ailəsi və qazilər Cəfərov Tural Nazim oğlu, Xəlilov Elvin Bəxtiyar oğlu, Həmdullayev Tərlan Zakir oğlu Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə idman ictimaiyyəti nümayəndələri tərəfindən ziyarət edilib.
Görüşlərdə Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin, Sumqayıt Peşəkar Futbol Klubunun, Olimpiya və Paralimpiya İdman komplekslərinin və 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin rəhbər işçiləri iştirak ediblər.
Baş İdarədən AZƏRTAC-a bildirilib ki, ziyarətlər zamanı Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəlmiş və yaralanmış qəhrəmanlarımızın keçdiyi şərəfli döyüş yolundan söhbət açılıb, şəhid ailələri və qazilərin qayğıları dinlənilib.
Bildirilib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin ailələrinə, həmçinin müharibə qazilərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin həllinə nail olunması təşkil edir.
Şəhid ailələri və qazilər öz növbələrində onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıq və təşəkkürlərini bildiriblər.

Regionlar 2022-09-27 16:30:00