×
A
A
A
Sazlamalar

Şəhidlərin əziz xatirəsi Kürdəmirdə ehtiramla yad olunub VİDEO

Kürdəmir, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi respublikamızın hər yerində olduğu kimi, Kürdəmirdə də ehtiramla yad olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayon rəhbərliyi, idarə, təşkilat və müəssisələrin kollektivləri, qazilər, ictimaiyyət nümayəndələri səhər saatlarında Kürdəmirdəki Şəhidlər xiyabanına gələrək şəhidlərin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər.
Şəhidlər xiyabanında təşkil olunan tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra şəhər 6 saylı tam orta məktəbin şagirdlərinin hazırladığı “Qalib Azərbaycan xalqı və Müzəffər Ali Baş Komandan” adlı kompozisiya dinlənilib.
Rayon icra hakimiyyətinin başçısı Elxan İbrahimov çıxış edərək, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin tarixi əhəmiyyətindən danışıb. Müharibələrin itkisiz olmadığını vurğulayan icra başçısı şəhidlərimizin bizə bəxş etdiyi Qələbənin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını söyləyib.
Sonra rayonun kəndlərində dəfn olunan şəhidlərimizin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub.
Anım Günü ilə əlaqədar rayonda şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib.
Saat 12:00-da Kürdəmirdə də şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Regionlar 2022-09-27 16:16:00

Video