Şəmkirdə Şəhidlər Memorial Abidə Kompleksi açılıb
Şəmkir, 27 sentyabr, Elcan Məmmədov, AZƏRTAC
Şəmkirdə 27 Sentyabr - Anım Günündə şəhidlərimizə ehtiram əlaməti olaraq inşa edilən Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub.
Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyətinin əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə 50 metr uzunluğunda şanlı Azərbaycan bayrağını Bayraq meydanından Şəhidlər xiyabanına gətiriblər.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən əsgər və zabitlərimizin xatirəsinə ucaldılan Şəhidlər Memorial Abidə Kompleksinin açılışı olub, abidə önünə əklil qoyulub.
Çıxışlardan sonra şəhid övladlarının, məktəblilərin təqdimatında şəhidlərin xatirəsinə həsr edilən əbədi-bədii kompozisiya təqdim olunub.
Tədbirdə çıxış edən qəhrəman övladların məğrur anaları “Vətən sağ olsun!” deyərək, canları, qanları ilə Zəfər tariximizi yazan qəhrəmanlara, onların ailələrinə göstərilən diqqətə görə Ali Baş Komandan İlham Əliyevə təşəkkürlərini bildiriblər.
Həmçinin şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilib, ağacəkmə aksiyası keçirilib. Sakinlər tərəfindən Şəmkir şəhərinin bəzi küçə və prospektlərində eyvanlardan, qapılardan bayraqlar asılaraq həmrəylik nümayiş etdirilib.
Azərbaycan regional və Avropa miqyasında təhlükəsiz və dayanıqlı enerji təchizatçısına çevriləcək
Dövlət Proqramına uyğun olaraq Naxçıvanda elektroenergetika sistemi tamamilə yenidən qurulacaq
Naxçıvan yaşıl enerjinin istehsalı ilə yanaşı, ixrac mənbəyinə də çevriləcək
Bakı-Quba yolunda iki yük maşını toqquşub, ölən və xəsarət alanlar var