×
A
A
A
Sazlamalar

Lənkəranda Anım Günü ilə bağlı tədbirlər keçirilib

Lənkəran, 27 sentyabr, AZƏRTAC

27 Sentyabr - Anım Günü ilə əlaqədar Lənkəran rayonunda silsilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, şəhər rəhbərliyi, hüquq-mühafizə orqanlarının məsul şəxsləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə veteranları və rayon ictimaiyyəti Şəhidlər abidə kompleksini ziyarət ediblər. Abidə önünə tər çiçəklər düzülüb, şəhidlərimizə hörmət və ehtiram göstərilib.
Daha sonra rayon rəhbərliyinin iştirakı ilə Şəhidlər xiyabanı küçəsində və ətraf ərazilərdə ağacəkmə aksiyası keçirilib, 150-yə yaxın ağac əkilib.
Anım Günü ilə bağlı tədbirin rəsmi hissəsi Heydər Əliyev Mərkəzində keçirilib. Tədbir iştirakçıları öncə lənkəranlı gənclərin rəsmlərindən ibarət “Şəhidlər ölməz” adlı sərgi ilə tanış olublar.
Dövlət Himinin səslənməsi və şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov çıxış edib. Bildirib ki, ermənilər tarixən bizim torpaqlarımıza göz dikiblər və havadarlarının yardımı ilə ərazimizdə etnik təmizləmə aparıb, terror törədib, toponimlərimizin silinməsi və dəyişdirilməsi istiqamətində məqsədyönlü fəaliyyət göstəriblər.
İcra başçısı qeyd edib ki, Ümummilli Liderin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan Zəfər tariximizə qızıl hərflərlə yazılıb. “Dəmir yumruq” ətrafında birləşən xalqımız ədaləti, beynəlxalq hüququ, torpaqlarımızın azadlığını və sərhədlərimizin bütövlüyünü təmin etdi.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran rayon şöbəsinin rəisi Emin Bağırov, şəhid atası Kamran Kazımov, Yazıçılar Birliyinin Lənkəran zona bölməsinin sədri Qafar Cəfərli, şəhid Taleh İsmayılovun həyat yoldaşı Gülay İsmayılova və Vətən müharibəsi qazisi Eyvaz Hüseynzadə çıxış ediblər. Çıxışlarda şəhidlərimizin qanları ilə tarix yazdıqları vurğulanıb.
Daha sonra şəhid övladlarının və məktəblilərin iştirakı ilə bədii kompozisiya təqdim olunub.

Regionlar 2022-09-27 16:09:00