×
A
A
A
Sazlamalar

Şəhid atası: Mən oğlumla qürur duyuram

Qax, 27 sentyabr, M.Dadaşov, AZƏRTAC

Mən oğlumla qürur duyuram. Xüsusi təyinatlı bölmənin zabiti olan oğlum Şuşaya ilk ayaq basan hərbçilərimizdəndir. O, Xocavənd istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə şəhid Asəf Ağayevin atası Abid Ağayev söyləyib.
Qəhrəman övladı ilə fəxr etdiyini vurğulayan şəhid atası deyib: “Oğlum torpaqlarımızın erməni işğalçılarından azad olunmasını çox arzulayırdı. Elə bu amal uğrunda, Vətən yolunda qəhrəmancasına vuruşaraq şəhid oldu. Bütün Azərbaycan xalqı belə igid oğullarla fəxr edir, onların ruhu qarşısında baş əyir. Allahdan şəhidlərimizə rəhmət diləyir, qazilərimizə isə cansağlığı arzulayıram”.
Qeyd edək ki, Asəf Ağayev 1994-cü il noyabrın 24-də Qax şəhərində anadan olub. O, 2012-ci ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi bitirib və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. 2016-cı ildə təhsilini bitirərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Xüsusi Təyinatlılar bölməsində zabit kimi xidmətə başlayıb. Vətən müharibəsində Cəbrayılın, Xocavəndin, Şuşanın işğaldan azad edilməsi uğrunda gedən döyüşlərdə iştirak edib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüşlərdə göstərdiyi igidliyə görə Asəf Ağayev Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra Cəbrayılın, Şuşanın, Xocavəndin azad olunmasına görə medalları və “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunub.

 

 

Regionlar 2022-09-27 15:43:00