×
A
A
A
Sazlamalar

Şanlı Qələbənin qazanılmasına Qaxın igid oğulları da öz töhfələrini veriblər

Qax, 27 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC

Şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin başlanmasından iki il ötür. Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan və 44 gün davam edən Vətən savaşında rəşadətli Azərbaycan Ordusu, ürəyində torpaq, millət sevgisi olan igid oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbə qazanıb, mənfur düşməni əzəli torpaqlarımızdan qovublar.
Qələbə xalqımıza asan başa gəlmədi, şəhidlərimiz, yaralılarımız oldu. Azərbaycanın elə bir bölgəsi tapılmaz ki, orada Vətən müharibəsinin ağrısı, acısı hiss olunmasın. Qax rayonu da torpaqlarımızın işğaldan azad edilməsi uğrunda başlanan Vətən savaşına yüzlərlə qəhrəman övladını yola salıb, şəhidlər verib. Onların əziz xatirəsi daim uca tutulur, ehtiramla anılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 27 Sentyabr – Anım Günü ilə əlaqədar Qax rayonunun Şəhidlər xiyabanında anım tədbiri keçirilib.
Rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçıları, ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək ərazi bütövlüyümüz uğrunda canlarından keçən qəhrəman oğulların məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, ruhlarına dualar oxuyublar.
Anım mərasiminin əvvəlində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək, 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən, müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıb. Bildirilib ki, ərazi bütövlüyümüz uğrunda başlanan savaşda Qax rayonunun qəhrəman oğulları da rəşadətlə vuruşublar. Bu Qələbə şəhidlərimizin canı, qazilərimizin qanı hesabına qazanılıb, hərbçilərimizin rəşadəti sayəsində əldə olunub. İcra başçısı Azərbaycan xalqı üçün igid, qeyrətli və mərd oğullar yetişdirdiklərinə görə şəhidlərin valideynlərinə dərin ehtiramını bildirib.
Anım tədbirində çıxış edən YAP Qax rayon təşkilatının sədri Natiq Allahverdiyev 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbəyə Azərbaycanın güclü iqtisadiyyatı, ordumuzun rəşadəti, əsgər və zabitlərimizin vətənpərvərliyi, eyni zamanda, dövlət-xalq, Prezident-xalq həmrəyliyi sayəsində nail olduğumuzu xüsusi vurğulayıb.
Qazi Malik Həmzəyev döyüş yolundan, əsgər və zabitlərimizin cəbhədə göstərdikləri qəhrəmanlıqlardan söz açıb.
Şəhid bacısı Səbinə Muradova, şəhid atası Abid Ağayev Vətən uğrunda canlarından keçən qəhrəman oğullarla hər zaman qürur duyduqlarını bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
Anım tədbiri mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya ilə başa çatıb.

Regionlar 2022-09-27 15:47:00