×
A
A
A
Sazlamalar

Ağdamda Şəhidlər xiyabanına yürüş təşkil olunub, həmişəyaşıl ağac tingləri əkilib FOTO VİDEO

Ağdam, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İşğaldan azad olunan Ağdam rayonunda da Anım Günü silsilə tədbirlərlə qeyd edilib. Şəhidlər xiyabanına yürüş təşkil olunub, həmçinin şəhidlərin xatirəsinə həmişəyaşıl ağac tingləri əkilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağdam rayonunda Anım Günü ilə əlaqədar keçirilən tədbirlərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və nümayəndəliyin əməkdaşları, hərbçilər, hüquq-mühafizə orqanlarının nümayəndələri, din xadimləri, Ağdam ərazisində çalışan şirkət və qurumların işçiləri, həmçinin Ağdam könüllüləri olan bir qrup gənc iştirak edib.
Əvvəlcə Ağdam şəhər mərkəzindən Şəhidlər xiyabanına yürüş təşkil olunub. Şəhidlər xiyabanına gələn tədbir iştirakçıları şəhidlərin məzarlarını ziyarət edib, üzərinə gül dəstələri düzüblər. Şəhidlərin xatirəsi əks olunan lövhə önünə gül çələngi qoyulub.
Çıxış edənlər 44 günlük Vətən müharibəsi zamanı əldə olunan şanlı Qələbədən söhbət açıblar. Qeyd edilib ki, Azərbaycan Ordusu 2020-ci ildə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında düşmənə sarsıdıcı zərbələr endirərək, torpaqlarımızı işğaldan azad etdi. Bu Qələbə şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına əldə olunub. Qəhrəman oğulların xatirəsi daim xalqımız tərəfindən əziz tutulacaq.
Bildirilib ki, 30 ilə yaxın erməni işğalçıları tərəfindən darmadağın edilən yurd yerlərimizə artıq həyat qayıdır. Bu yerlər qısa müddətdə bağ-bağatlı el obaya çevrilərək doğma sakinlərinə yenidən qucaq açacaq.
Sonra Ağdam Cümə məscidinin önündə şəhidlərin xatirəsi anılıb, ruhlarına dualar oxunub.
Daha sonra Ağdam Sənaye Parkı ərazisində şəhidlərin xatirəsi üçün həmişəyaşıl ağaclar əkilib, aqrotexniki qulluq göstərilib.

 

 

Regionlar 2022-09-27 15:10:00

Video