×
A
A
A
Sazlamalar

Yardımlıda şəhidlərimizin xatirəsi anılıb, ağacəkmə aksiyası keçirilib

Yardımlı, 27 sentyabr, AZƏRTAC

Yardımlı rayonunda Anım Günü ilə əlaqədar tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Yardımlı rayon şöbəsinin rəisi, şəhid ailələri, qazilər, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, tədbirdə Vətənimizin bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Çıxışlarda Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğu, xalqımızın qəhrəman övladları ilə qürur duyduğu xüsusi vurğulanıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində və sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin törətdikləri genişmiqyaslı təxribatın qarşısı alınarkən şanlı tarix yazan oğullarımızın, şəhidlərimizin, qazilərimizin döyüş yolundan söz açılıb, onların hər birinin bir qəhrəman olduğu və bu gün hər kəsin onlarla fəxr etdiyi, qürur duyduğu bildirilib.
Sonra rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Masallı-Yardımlı avtomobil yolunun 49-cu kilometrliyinin kənarında ağacəkmə aksiyası keçirilib.
Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq təşkil edilən aksiya zamanı 60 ədəd Eldar şamı əkilib.

 

Regionlar 2022-09-27 12:55:00