×
A
A
A
Sazlamalar

Mübariz Ağalarlı: Tarixi qələbə Qarabağda erməni işğalına son qoydu

Bakı, 27 sentyabr, AZƏRTAC

Vətən müharibəsində Azərbaycan torpaqlarında erməni işğalçılarına qarşı şanlı Ordumuzun apardığı hərbi əməliyyatlar ədalətlilik prinsipi, beynəlxalq hüquq normaları və humanitar qanunlara söykənərək həyata keçirilən əks-hücum xarakterində idi. “İşğalçı düşmən əsgərinə amansızlıq, düşmənin mülki əhalisinə rəhm etmək” prinsipinə söykənərək həyata keçirilən döyüşlərdə, şanlı Ordumuz müharibə qanunlarına riayət edib, beynəlxalq hüququn bütün prinsiplərinə hörmətlə yanaşıb. Erməni işğalçıları isə müharibə qanunlarını və humanitar dəyərləri pozaraq öz ənənəvi vəhşi davranışlarını nümayiş etdiriblər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun aparıcı elmi işçisi dosent Mübariz Ağalarlı deyib. Tarixçi-alim diqqətə çatdırıb ki, 2020-ci ilin sentyabr ayına qədər dəfələrlə Ermənistandan və Azərbaycanın işğal olunmuş Qarabağ ərazilərindən Azərbaycanın kommunikasiya xətlərinə, beynəlxalq əhəmiyyətli enerji-nəqliyyat dəhlizinə və mülki obyektlərə, dinc yaşayış məntəqələrinə davamlı şəkildə hücumlar edilib, terror aktları törədilib, dəfələrlə təxribatlara əl atılıb. Bunun nəticəsində atəşkəs dövründə yüzlərlə dinc sakin həlak olub, mülki obyektlərə külli miqdarda ziyan dəyib.
2020-ci il sentyabrın 27-də erməni hərbi birləşmələri yenidən atəşkəs rejimini pozaraq hərbi təxribatlara əl atıb. Buna cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başlayıb. Azərbaycan Respublikası, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini (822, 853, 874, 884 saylı qətnamələr) və BMT-nin sülhməramlı missiyasının sülhə məcburetmə prinsipini əsas götürərək beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşü həyata keçirib.
Müharibənin gedişatında Azərbaycan Ordusunun qarşısında aciz qalan və çoxsaylı itkilər verən erməni işğalçılar öz ənənəvi və qeyri-insani taktikalarından istifadə edərək, həmçinin beynəlxalq hüquq normalarını pozaraq Azərbaycanın mülki əhalisini və yaşayış məntəqələrini ağır silahlardan atəşə tutublar. Bunun nəticəsində Azərbaycanın yüzlərlə mülki əhalisi qətlə yetirilib. Döyüş bölgələrindən kənarda yerləşən dinc əhalinin yaşadığı Bərdə, Gəncə, Tərtər, Mingəçevir şəhərləri və digər yaşayış məntəqələrinə qarşı çoxsaylı insan ölümünə səbəb olan ağır artilleriya silahlarından istifadə edilməsi erməni vəhşiliyinin təzahür formasıdır. Təəssüflər olsun ki, dünya birliyi və siyasi dairələri ermənilərin azərbaycanlılara qarşı əvvəlki qətliamlar siyasətinə biganə qaldığı kimi, bu faciələrə də seyrçi münasibət göstərib. Lakin türk-müsəlman dünyasına qarşı davan edən bu ənənəvi ikili standartlara baxmayaraq, Azərbaycan Ordusunun rəşadəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi və uğurlu diplomatik fəaliyyəti, həmçinin Türkiyə Cümhuriyyətinin, türk qardaşlarının siyasi və mənəvi dəstəyi ilə Azərbaycan dövləti torpaqlarını erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa etdi. İkinci Qarabağ müharibəsində vətən uğrunda Azərbaycan Ordusunun minlərlə hərbi qulluqçusu şəhid olub və yaralanıb.
Kilsə zirzəmilərində mənfur ideoloji təməllər əsasında yaradılan, “Daşnaksütyun”, “Qnçaq” və “ASALA” kimi hərbi-siyasi və terrorçu təşkilatların dəstəyi ilə qurulan mövcud erməni dövləti, Azərbaycan dövlətçilik sistemi qarşısında olduqca aciz və zəif görünməkdədir. Mifoloji hökmdar Tiqranla başlayan və onunla da sona çatan, qondarma erməni tarixi və erməni dövlətçiliyi ən yaxşı halda saxta kitablarda öz mövcudluğunu qorumaqdadır. Saxtalaşdırılmış tarixi qaynaqlara söykənən erməni dövlətinin epizodik siyasi tarixi olsa da, lakin bu dövlətin hüquqi, sosial-iqtisadi, mənəvi, hərbi təsisatlarının mövcudluğunu görmək mümkün deyildir.
XX əsrin əvvəllərində havadarlarının sifarişi və terrorçu təşkilatları tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi bu gün də öz terrorçu mahiyyətini göstərməkdədir. Prezident İlham Əliyev hələ II Qarabağ savaşından əvvəl dünya dövlətlərinə müraciətlə qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişə bilər, amma bu ölkənin terrorçu və faşist mahiyyəti dəyişməz olaraq qalır və bunu hər kəs bilməlidir. Eyni zamanda, Azərbaycan Prezidenti öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir. Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin və erməniçiliyin istər ideoloji-mənəvi, istərsə də hərbi-siyasi təsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.
II Qarabağ savaşı - Vətən müharibəsində də Azərbaycanın müzəffər ordusu beynəlxalq hüququn bütün prinsiplərinə əməl edərək, erməni işğalçılarını ağır məğlubiyyətə uğradıb, 30 ilə yaxın bir dövrdə işğal altında olmuş Dağlıq Qarabağ və ətraf əraziləri azad edib. BMT-nin qəbul etdiyi məlum dörd qətnaməsini icra etməməsi səbəbindən, bu missiyanı Azərbaycan dövləti öz üzərinə götürdü və uğurla yerinə yetirdi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya və Ermənistanın rəhbərləri tərəfindən Bəyanat imzalanıb. Bəyanat sentyabrın 27-dən Azərbaycan Ordusunun zəfər yürüşü nəticəsində yaranmış reallığa uyğun hazırlanıb və Ermənistanın kapitulyasiya aktıdır. Bu tarixi qələbə ilə torpaqlarımız erməni işğalından azad edilməklə bərabər, mifoloji mahiyyətli və təməlləri olmayan erməni dövlətçiliyinə ağır zərbə vuruldu. Bir sözlə, Qarabağda erməni işğalının sonu, Ermənistan dövlətinin və erməni toplumunun siyasi-ideoloji dəyərlərinin tənəzzülünün əsasını qoydu.
Bu il sentyabrın 12-13-də Azərbaycanın dövlət sərhədində genişmiqyaslı təxribatlar törətməyə çalışan Ermənistan silahlı qüvvələri müzəffər ordumuz tərəfindən ağır və öldürücü zərbəyə məruz qaldı. Torpaqlarımıza daxil olmağa cəhd edən erməni diversantları ilə yanaşı, Ermənistanın Azərbaycanla sərhədyanı ərazilərində yerləşən hərbi hissələri, hərbi texnikası və yüzlərlə hərbçisi məhv edildi. Azərbaycanın lokal şəkildə həyata keçirdiyi və 7 saatdan çox çəkməyən bu hərbi əməliyyatı Ermənistanın revanşist hərbi-siyasi rəhbərliyinə ciddi siqnal və sülhə məcbur etmə xarakteri daşıyırdı.
Vətən müharibəsində Azərbaycanın qəhrəman ordusu doğma Qarabağımızı işğaldan azad etməklə yanaşı, ölkəmizin hərbi-siyasi tarixinin yeni bir mərhələsini yaradıb. Müzəffər ordumuzun mənəvi-insani dəyərlərə söykənərək beynəlxalq hüququn bütün prinsipləri, müharibə qaydaları çərçivəsində yaratdığı tarix, yazılacaq Azərbaycan hərb tarixinin yeni səhifələrində şərəfli, olduqca şəffaf bir şəkildə əks olunacaq. Əksinə… erməni hərb tarixinin səhifələrində isə erməni hərbçilərinin azərbaycanlı mülki şəxslərin qatili olması ilə bağlı çoxsaylı ifadələrə rast gəlmək mümkün olacaq.

Elm və təhsil 2022-09-27 11:27:00