×
A
A
A
Sazlamalar

Xaçmaz sakinlərinin qaz təchizatına dair müraciətləri qeydə alınıb

Bakı, 27 sentyabr, AZƏRTAC

“Azəriqaz” İB-nin regionlarda təşkil etdiyi səyyar qəbul otağının növbəti dayanacağı Xaçmaz rayonu olub.
İB-dən AZƏRTAC-a bildirilib ki, ənənəvi hal alan aksiyada ümumilikdə 13 müraciət ünvanlanıb.
Mikrofon önünə keçən abonentlər fərdi yaşayış evində sonradan ödənişli (mexaniki tipli) qaz sayğacının öncədən ödənişli (smart-kart tipli) qaz sayğacı ilə əvəz edilməsini xahiş ediblər. Həmçinin aksiya zamanı digər sakinlər qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlərini də səsləndiriblər. Qalan digər müraciətlər arasında Yergüc kəndində yeni yaşayış massivinin qazlaşdırılması, fərdi yaşayış evlərinə qaz xəttinin çəkilməsi və debitor borcun hissə-hissə ödənilməsinə şərait yaradılmasına köməkliyin göstərilməsi kimi istəklər yer alıb.
Hər bir müraciət Birliyin Xaçmaz Regional qaz istismarı İdarəsinin rəhbərliyi tərəfindən cavablandırılıb. Bəzi müraciətlərin araşdırılmasına dair tapşırıq verilib.

Regionlar 2022-09-27 11:26:00