×
A
A
A
Sazlamalar

“Dəmir yumruq yerindədir və düşmənin başını əzməyə hər zaman hazırdır” - şəhid atası

Xaçmaz, 27 sentyabr, Elxan Yusifli, AZƏRTAC

Biz Vətən müharibəsində Ali Baş Komandanımız ətrafında necə sıx birləşdiyimizi bütün dünyaya göstərdik. Hamı gördü ki, söhbət Vətənin müdafiəsindən gedirsə, xalqımız bir yumruq kimi birləşərək səfərbər ola bilir. 44 günlük müharibədə bizim ordumuz şanlı Qələbə qazanmaqla düşmənin başını əzdi. Mənim oğlum Elşən Vətən müharibəsində şəhidlik zirvəsinə ucaldı. Mən onunla fəxr edirəm.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalan əsgər Elşən Ağasıyevin atası Ağabala Ağasıyev deyib.
Ağabala Ağasıyev I Qarabağ savaşında dörd il könüllü döyüşüb. Oğlu Elşən hərbi xidmətə yollananda atasına bildirib ki, onların yarımçıq qoyduğu işləri tamamlayıb, torpaqlarımızı düşməndən azad edəcək.
“Sentyabrın 27-də bütün cəbhəboyu əks-hücum əməliyyatlarının başladığını eşidəndə çox həyəcanlandıq. Elşən müharibə başlamazdan 5 ay əvvəl hərbi xidmətə yollanmışdı. Biz onunla yalnız sentyabrın 30-da danışa bildik. Oğlumuz düşmənlə savaşa atılan ilk döyüşçülərimiz sırasında yer almışdı. Elşən və onun kimi qəhrəman oğullarımız düşməni məhv etdi, bizə Qələbə sevinci yaşatdı. 30 illik işğalda olan torpaqlarımız azad olundu. Amma təəssüf ki, düşmənimiz Vətən müharibəsində aldığı ağır məğlubiyyətdən dərs çıxarmayıb. Ermənilərin sərhəddə son təxribatları da bunu göstərir. Amma hərbçilərimiz bir daha göstərdi ki, dəmir yumruq yerindədir və düşmənin başını əzməyə hər zaman hazırdır”, - deyə şəhidin atası əlavə edib.
Elşən Ağasıyev Vətən müharibəsində, oktyabrın 3-ü Suqovuşan uğrunda gedən şiddətli döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Qəhrəman döyüşçü ölümündən sonra “Laçının azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

Regionlar 2022-09-27 11:17:00