Şəhid qardaşı: Qardaşım üçün Vətən sevdası ən ülvi hiss, şəhidlik isə ən uca məqam idi
Füzuli, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC
Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür. Prezident İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. İlham Abbasov da onlardan biridir. O, 2000-ci il martın 13-də İmişlidə məcburi köçkün ailəsində dünyaya göz açmışdı. Ürəyi hər zaman ata-baba yurdu olan Füzuli torpaqları ilə döyünürdü. İlham 20 illik ömrünü Vətən üçün yaşadı və ən şirin nemət olan canını Vətən üçün fəda edərək ölməzlik qazandı.
AZƏRTAC-ın bölgə müxbiri şəhidin ailəsinə baş çəkib, onlarla söhbət edib.
Şəhid oğlu haqqında qürurla danışan anası Qunça Abbasova deyir ki, evin son beşiyi olan İlham hələ azyaşlı vaxtlarından vətənpərvərliyi ilə seçilib, gələcəkdə hərbçi olmaq, doğma yurdunu azad görmək arzusu ilə yaşayıb: “Onun həm də gözəl səsi vardı. Lakin doğma torpaqları azad görmək istəyi onu həm kollecdəki təhsilini, həm də musiqi məktəbini yarı da saxlamağa məcbur etdi. Həqiqi hərbi xidmətini bitirdikdən sonra təhsilini davam etdirməyə təkid etsək də, İlham yenidən müddətdən artıq xidmətçi kimi hərbçi olmağı üstün seçdi”.
Şəhidin qardaşı Xaliq Abbasov da İlhamın Vətənə olan böyük sevgisindən danışıb. “Qardaşım həmişə işğalda olan torpaqlarımız haqqında suallar verər, ata-baba yurdumuzun işğaldan azad edilməsi arzusu ilə yaşayırdı. Hərbin sirlərinə peşəkarcasına yiyələndiyi üçün İlham piyada döyüş maşının əsas heyəti olaraq seçilmişdi. Döyüşlərin birinci günündə cəbhənin Füzuli istiqamətində ilk əks-həmlə əməliyyatında iştirak edənlərdən biri idi. Onun heyəti olduğu piyada döyüş maşını düşmənin 30 illik sədlərinin yarılmasında iştirak edib”, - deyə Xaliq Abbasov bildirib.
Düşmənin texnika və canlı qüvvəsinin məhv edilməsində İlham da şücaəti ilə seçilib. Azad olunan ərazilərə ilk ayaq basanlar sırasında olan İlham ən böyük arzusuna - ata-baba yurdu Füzuli torpaqlarına qovuşub. Lakin ermənilər tərəfindən atılan raket İlhamın içərisində olduğu piyada döyüş maşınına tuş gəlib və həmin zaman İlham şəhadətə ucalıb.
“İlham üçün Vətən sevdası ən ülvi hiss, şəhidlik isə ən uca məqam idi. O, bizi tərk etsə də, ən böyük arzularına qovuşdu”, - deyə şəhidin qardaşı əlavə edib.
İlham Abbasov döyüşlərdə göstərdiyi şücaətə görə ölümündən sonra "Vətən uğurunda", "Füzulinin azad olunmasına görə" və "Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.
Sumqayıtda ölümlə nəticələn yol qəzası baş verib
Şabranda yol kənarından silah-sursat tapılıb
Göygöldə torpaqların idarə edilməsi sahəsində müzakirələr aparılıb