×
A
A
A
Sazlamalar

Zəfər tariximizin unudulmaz qəhrəmanları

Bakı, 27 sentyabr, AZƏRTAC

İki ildir ki, sentyabrın 27-də Azərbaycan xalqı Qarabağda tarix yazan Vətən oğullarının xatirəsinə sonsuz ehtiramını ifadə edir. Otuz ilə yaxın davam edən erməni işğalına son qoymaq üçün ayağa qalxan, sentyabrın 27-də başlayıb 44 gün davam edən Vətən müharibəsinin qəhrəmanlarını ehtiramla anır. Bu tarix Azərbaycanın müasir tarixinin qürurla xatırlanan günüdür. Bu tarix nəinki 30 illik işğala son qoyulduğu, eyni zamanda, ermənilərin xalqımıza qarşı 200 ildən çox davam edən düşmənçilik siyasətinə layiqli cavabın verildiyi gündür. Bu tarix həm də bütün dünyaya, hətta düşmənlərimizə belə Azərbaycan Ordusunun gücünü, əsgərinin şücaətini, xalqının həmrəyliyini və dövlət-xalq birliyini göstərdi. Bir sözlə, 27 Sentyabr Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” kəlməsi ilə xalqın bu amal, bu məqsəd üçün ayağa qalxdığı gündür.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva söyləyib.
Mehriban Vəliyeva bildirib ki, 2020-ci il sentyabrın 27-dən Ermənistanın ölkəmizə qarşı başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Artıq səbirlər tükənmişdi, hər kəs bu günü, Müzəffər Ali Baş Komandanın əmrini gözləyirdi. Otuz il davam edən beynəlxalq riyakarlıq, ikili standartlar, münaqişəsinin nizamlanması üçün təsis olunmuş Minsk Qrupunun 29 illik nəticəsiz fəaliyyəti, kağız üzərində qalan beynəlxalq qətnamələr, bu illər ərzində Ermənistanın ərazilərimizdə törətdiyi təxribatlar, mütəmadi olaraq təmas xətti boyunca dinc əhalimizə atəş açması, onların rahat yaşayışına mane olması, bütün bunlar xalqın səbrini tükətmişdi. 2016-cı ilin Aprel və 2020-ci ilin Tovuz döyüşləri, sentyabrın 27-də ölkəmizə qarşı növbəti təcavüz bir daha bütün dünyaya göstərdi ki, Azərbaycan bu işğalla heç bir zaman barışmayacaq. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmrini verdi. Beləliklə, rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etmək üçün silaha sarıldı. Müzəffər Ali Baş Komandanın döyüş əmri bizi Qarabağ arzumuza yaxınlaşdıran günün başlanğıcı oldu. O gün millətin daxilində illərlə yığılıb qalan döyüş ruhu, birlik duyğuları sanki vulkan kimi püskürdü. Xalqa müraciəti zamanı dövlətimizin başçısının dediyi “Biz haqq yolundayıq. Bizim işimiz haqq işidir. Biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” kəlmələri Azərbaycan əsgərinin döyüş əzmini daha da gücləndirdi.
Bəli, xalqın çoxdan gözlədiyi gün gəlmişdi və oğullarını cəbhəyə toy-bayramla yola salırdı. “Vətən bizi çağırır” kəlmələri ilə cəbhəyə könüllü yollanan Vətən oğullarının üzlərində sevinc, gözlərində qisas hissi var idi. Yurdu yaşatmaq üçün şəhidliyi mükafat olaraq qəbul edən Azərbaycan oğulları Vətən borcunu verməyə necə hazır olduqlarını 44 gün ərzində nümayiş etdirdilər. Döyüş meydanı, arxa cəbhə - hər kəs bir hədəfə vururdu. Rəhbər, ordu və xalq birliyi Vətən müharibəsində qələbəni şərtləndirən ən başlıca amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbələr endirdi.
Qan-qadasız, itkisiz müharibə olmur. Hər qazanılan Zəfərin arxasında qəhrəman oğulların qanı var. Torpaq şəhidlərin qanı ilə qarışıb Vətən olur. Bu mənada xalq oğullarını müharibəyə necə təmtəraqla yola salırdısa, şəhidini ondan daha izdihamla qarşılayırdı. Üçrəngli bayrağımızı öpüb bağrına basan, “Vətən sağ olsun” deyərək başını dik tutan neçə-neçə mətanətli, vüqarlı şəhid ata-anası, doğması gördük. Bütün dünya Azərbaycan oğullarının şücaətinə şahidlik etməklə bərabər, həm də “Ermənistanın güclü ordusu var”, “erməni xalqı döyüşkən xalqdır” mifinin sadəcə sözdən ibarət olduğunu anlamış oldu.
“Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyevin Vətən müharibəsinin başladığı günün – sentyabrın 27-nin ölkəmizdə Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncamı şəhidlərin xatirəsinə, onların doğmalarına ali ehtiramın göstəricisidir. Qarabağda tarix yazan Vətən oğullarına olan vəfa borcumuz, ehtiram ifadəmiz isə hər gün, hər andır. Unutmamalıyıq ki, bu gün Qarabağa böyük qayıdışın sevinci onlar sayəsindədir. Viran qalmış yurd yerlərimizdə bu gün yanan işıqlar öz nurunu şəhid ruhlarından alır. Qəhrəman Azərbaycan əsgərinin ayaq izlərinin açdığı cığırla başlayıb doğma Şuşamıza uzanan möhtəşəm Zəfər yolu onların əsəridir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə erməni işğalından azad olunmuş torpaqlarda bu gün çoxşaxəli silsilə layihələr həyata keçirilir. Yenicə başladığımız dərs ilində Zəngilanda 29 ildən sonra ilk məktəb zəngi çalındı. Bu zəngin sevincini yaşayan məktəblilərin xoşbəxt anlarına şahidlik etmək hər kəs üçün böyük bəxtiyarlıqdır. Əminik ki, azad olunmuş torpaqlarımızda həyata keçirilən böyük quruculuq işlərinə təhsil sisteminin yetişdirdiyi vətəndaşlar öz layiqli töhfələrini verəcəklər. 44 günlük müharibənin gedişi bir daha onu göstərdi ki, təhsil sisteminin yetişdirdiyi vətəndaş, ilk növbədə, öz köklərinə və əzəli torpaqlarına bağlı, hər qarış torpağı üçün canından keçməyə hazır olan, milli mənsubiyyəti ilə fəxr edən, xalqının adət-ənənələrinə və mənəvi dəyərlərinə sadiq vətənpərvərdir. Vətən müharibəsində iştirak edən Bakı məktəblərinin 40-dan çox müəllimi öz vəzifəsini bu dəfə döyüş meydanında yerinə yetirdi, vətənpərvərlik dərsini bu dəfə soyuq səngərlərdə keçərək şanlı qələbəyə öz töhfələrini verdi. Paytaxt məktəbləri məzunlarının 350-dən çoxu şəhidlik zirvəsinə ucalaraq Vətən qarşısında borclarını layiqincə yerinə yetirdi. Bu gün onların həyat yolu əsl vətənpərvərlik məktəbidir. Hər bir gənc bu məktəbdən bəhrələnməli, onların həyat yolunu dərindən öyrənməli, Zəfərimizin qəhrəmanlarının keçdikləri hünər yolunun növbəti nəsillərə çatdırılmasına öz töhfəsini verməlidir.
Azərbaycanın bu gününə və gələcək yoluna daim işıq salan, Zəfər tariximizin unudulmaz qəhrəmanlarını bir daha dərin ehtiramla yad edir, Vətən şəhidlərinin hər birinin ruhu qarşısında baş əyirik”, - deyə Mehriban Vəliyeva vurğulayıb.

Elm və təhsil 2022-09-27 10:22:00