×
A
A
A
Sazlamalar

Mayor Orxan Məcidli: Vətən müharibəsində hamı döyüşməyə can atırdı

Bakı, 27 sentyabr, AZƏRTAC

Sentyabrın 27-də Ermənistanın təxribatlarına adekvat cavab tədbirləri nəticəsində Ordumuz əks-hücum əməliyyatlarına başladı. İlk günlərdən də məlum olduğu kimi, Vətən müharibəsi ildırımsürətli savaş oldu və 44 gün davam etdi. Bu müddət ərzində bu miqyasda ərazini geri qaytarmaq heç bir müharibədə olmayıb. Həmçinin bu müharibə xalqımızın 30 illik həsrətinə son qoydu. Bu Qələbə Müzəffər Ali Baş Komandanın Azərbaycan Silahlı Qüvvələrinə diqqətə və qayğısı nəticəsində mümkün oldu. Eləcə də uzun illər keçirilən təlimlərin nəticəsi olaraq müharibədə əsgərlərdən tutmuş bütün zabitlərə kimi hamı döyüşməyə can atırdı.
Bunu AZƏRTAC-a müsahibəsində Müdafiə Nazirliyinin baş zabiti, mayor Orxan Məcidli deyib.
Kəlbəcər istiqamətində döyüşdüyünü vurğulayan Orxan Məcidli bildirib ki, o əsasən, düşmən haqqında kəşfiyyat məlumatlarının ötürülməsi ilə məşğul olub. Bu məlumatlar nəticəsində bir neçə dəfə düşmən təxribatlarının qarşısı alındı. Düşmən Ermənistan ərazisindən Kəlbəcərə keçməklə Qarabağa çoxsaylı texnika, şəxsi heyət aparmağa cəhd göstərmişdi. Yuxarı komandanlıqla vaxtında birgə müəyyən olunan düşmənin həmin texnikası, avtomobil karvanı məhv edildi.
“Mən 20 ildir ki, Azərbaycan Ordusunda xidmət edirəm. Müharibədən sonra da erməni təxribatları dayanmadı, yenə də davam edir. Bu yaxınlarda sentyabrın 12-14-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törətdi. Bu təxribatın qarşısını almaq üçün Azərbaycan Ordusu yenə də cavab tədbiri görməyə məcbur oldu və düşməni yerinə oturtdu. Vətən müharibəsindən sonra bir çox hərbi birləşmələr, o cümlədən komando hərbi hissələri yarandı. Komando hərbi hissələrinin yaranmasının nəticəsidir ki, ordumuz son döyüşlərdə erməni təxribatının qarşısını qətiyyətlə aldı. Həmişəki kimi yenə də qarşı tərəf bütün günahı Azərbaycan Ordusunun üzərinə atmaq istədi. Ancaq buna nail olmadı. Artıq bütün dünya məkrli düşməni yaxşı tanıyır. Biz İkinci Qarabağ müharibəsində olduğu kimi yenə haqq savaşında qalib olduq. Bizim işimiz Ali Baş Komandanın dediyi kimi, haqq işidir. Bizim heç vaxt heç kimin torpağında gözümüz olmayıb. Biz öz ərazimizi, suverenliyimizi qoruyuruq və qorumağı da davam etdirəcəyik”, - deyə nazirliyin zabiti vurğulayıb.

Cəmiyyət 2022-09-27 10:06:00