Tərtərdə Vətən müharibəsi qazilərinə və iştirakçılarına medallar təqdim edilib
Tərtər, 27 sentyabr, AZƏRTAC
Tərtərdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə, vicdanla və döyüş tapşırıqlarını uğurla yerinə yetirən Vətən müharibəsi iştirakçılarına və qazilərə “Suqovuşanın azad olunmasına görə” və Baş nazir Əli Əsədovun sərəncamı il təsdiq edilmiş “Vətən müharibəsi iştirakçısı” medallarının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Tərtər Rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, qazilərin, Qarabağ müharibəsi veteranları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov tədbirdə çıxış edərək tarixə 44 günlük savaş kimi düşən Vətən müharibəsindən, Azərbaycan Ordusunun qazandığı şanlı qələbədən, şəhidlərin gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolundan danışıb. O, Vətən müharibəsində şəhidlərin qanının yerdə qalmadığını, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edildiyini, böyük qələbənin tarixi əhəmiyyətini xüsusi qeyd edib və 2022-ci il sentyabrın 12-13-də ermənilərin dövlət sərhədində törətdikləri genişmiqyaslı təxribatı barədə məlumat verib. Bildirilib ki, öz qanları, canları bahasına tarixə şanlı zəfər gününü yazan Vətən oğulları heç zaman unudulmayacaq.
M.Məmmədov Vətən üçün sağlamlıqlarını itirən qazilərimizə minnətdarlığını bildirib. Vətən müharibəsində şücaət və qəhrəmanlıq göstərərək işğal olunmuş torpaqlarımızın azad olunmasında fərqləndiklərinə görə təltif edilən hərbi qulluqçuları təbrik edərək Ulu Tanrıdan şəhidlərimizə rəhmət diləyib, qazilərimizə isə tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayıb. Şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının dövlət siyasətinin prioritet məsələlərindən olduğunu bildirib.
Sonra 107 nəfərə “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları təqdim olunub. Vətən müharibəsi iştirakçıları və qazilər onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər
Qax şəhərinin küçələrinə asfalt döşənir
Füzulidə “Nar şirəsi” tamaşası nümayiş olunub