×
A
A
A
Sazlamalar

Şəhid Namiq Məmmədlinin ailəsi ziyarət olunub

Bərdə, 27 sentyabr, AZƏRTAC

Yeni Azərbaycan Partiyası (YAP) Bərdə rayon təşkilatının kollektivi cari ilin sentyabrında Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribatların qarşısının alınması zamanı Kəlbəcər ərazisində şəhid olmuş Məmmədli Namiq Ağəmməd oğlunun ailəsinə baş çəkib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüş zamanı YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya Prezident İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasəti, komandanlığı, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyulduğunu vurğulayıb. 2020-ci il ölkəmiz üçün qələbə ili kimi tarixə düşüb. Ancaq bunu həzm edə bilməyən düşmən öz hərbi təxribatlarını törətməkdə davam edir. Lakin ermənilərin bütün təxribatları şanlı Ordumuz tərəfindən qətiyyətlə dəf edilir, düşmən məğlub olaraq geriyə çəkilməyə məcbur edilir. Qəhrəman oğullarımızın Vətən uğrunda göstərdiyi fədakarlıqları dövlətimiz və xalqımız unutmur. M.Namiqin Vətən sevgisi və şanlı döyüş yolu bütün nəsillərə örnəkdir.
Məmmədli Namiqin valideynləri və qonşuları onun hərbidəki xidmətlərindən və döyüş yolundan danışıblar. Bildirilib ki, şəhid Məmmədli Namiq Ağəmməd oğlu Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətdə olub. Xidmət dövründə Türkiyədə təlimdə fərqləndiyinə görə “Güclü döyüşçü” medalı ilə, 44 günlük Vətən müharibəsi zamanı göstərdiyi şücaətə görə isə "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", “Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medallarla təltif edilib.

 

Regionlar 2022-09-27 07:09:00