×
A
A
A
Sazlamalar

İmişlidə Anım Günü qeyd olunub

İmişli, 27 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

İmişlidə 27 Sentyabr - Anım Günü ilə bağlı tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyası (YAP) İmişli rayon təşkilatının sədri Səfa Ağayev və əməkdaşlar, şəhid ailələri, qazilər, rayon ziyalıları, YAP fəalları, müxtəlif mətbuat orqanların nümayəndələri iştirak ediblər.
Əvvəlcə Azərbaycan Dövlət Himni səsləndirilib və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev vurğulayıb ki, haqq və şərəf işimiz olan 44 günlük müharibədə Müzəffər Ali Baş Komandanın müdrik rəhbərliyi ilə xalqımız və Ordumuz böyük Zəfər qazanıb.
“C.Cabbarlı” ərazi partiyasının sədri Hürü Şirinova çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun qəhrəmanlıq göstərərək torpaqlarımızı erməni işğalçılarından azad etdiyini qeyd edib.
Mərasimdə şəhid ailələri Azərbaycan xalqının bu tarixi uğurundan, şəhidlərimizin, qazilərimizin şücaətindən söhbət açıblar. Bildirilib ki, şəhidlərimizin qanı bahasına əldə olunan bu Qələbə ilə Azərbaycan xalqı daha bir qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib olduğunu bütün dünyaya sübut edib. Daha sonra şagirdlər şəhidlərə həsr edilmiş şeirlər söyləyiblər.

Regionlar 2022-09-27 04:53:00