×
A
A
A
Sazlamalar

Milli İncəsənət Muzeyində “Hippolar: iqlim dəyişikliyi ilə mübarizə üçün dünya səyahəti” adlı sərgi açılıb

Bakı, 26 sentyabr, Emil Məlikov, AZƏRTAC

Sentyabrın 26-da Azərbaycan Milli İncəsənət Muzeyində UNICEF Azərbaycanın və İncəsənət Muzeyinin birgə təşkilatçılığı, həmçinin Mədəniyyət Nazirliyinin, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tərəfdaşlığı ilə uşaqlar üçün iqlim fəaliyyətinə dair xüsusi hazırlanmış sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgi layihəsi gənc nəslə, uşaq və yeniyetmələrə faciəvi nəticələrdən xilas olmaq üçün iqlim dəyişiklikləri, ətraf mühitin çirkləndirilməsi problemləri, eləcə də bu yolda atılması zəruri olan addımlar haqqında maarifləndirici xarakter daşıyır.
Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fǝrzǝliyev bu sərginin qeyri-adi olduğunu vurğulayaraq bildirib: “Belə bir sərgi ilk dəfədir ki, bizim muzeydə təqdim olunur. İnsanın zövqü, təbiətə vurğunluğu, gözəlliyə aşiqliyi bu sərgidə öz əksini tapıb".
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin rəhbəri Umayra Tağıyeva belə bir tədbirin keçirilməsinə görə təşkilatçılara təşəkkürünü bildirib: “İqlim dəyişikliyi bütün dünyanı narahat edən qlobal problemlərdən biridir. Azərbaycan da bütün dünya ölkələri kimi iqlim dəyişikliklərinə həssas olan ölkələrdəndir. Bizim nazirlik tərəfindən aparılan qiymətləndirmə işləri onu göstərir ki, ölkənin iqlim dəyişikliklərinə həssaslıq indeksi ötən illərlə müqayisədə artıb. Biz artan təhlükələri atmosfer hadisələrindən müşahidə edə bilirik. Bu problemi də yaradan, təbii ki, insan fəaliyyətidir. Problemi aradan qaldırmaq üçün mühüm addımlar atılmalıdır, atmosferə olan təsirlər, tullantılar əhəmiyyətli dərəcədə azaldılmalıdır ki, gələcəkdə insanlar daha da ciddi fəsadlarla qarşılaşmasın. Ölkəmiz müxtəlif sahələr üzrə bu məsələnin həlli üçün öz səylərini göstərir. Eyni zamanda, dövlət tərəfindən qəbul olunan strateji sənədlər bir daha onu göstərir ki, Azərbaycan yaşıl inkişaf istiqamətini seçib. Ölkəmizdə, eyni zamanda, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə çox aktiv şəkildə yaşıllaşdırma işləri həyata keçirilir, minlərlə ağaclar əkilir”.
Pakistan İslam Respublikasının Azərbaycandakı səfiri Bilal Haye bu cür tədbirlərin önəmindən danışıb: “Biz buraya iqlim dəyişikliklərinin təsirlərini nəzərdən keçirmək üçün yığışmışıq. Çox təəssüf hissi ilə qeyd etmək istəyirəm ki, biz atırıq bu iqlim dəyişikliklərini birgə yaşayırıq. Ölkəmi təmsil edərək demək istərdim ki, Pakistan, ümumiyyətlə, qlobal miqyasda karbon emissiyalarının havaya atılması baxımından mübarizədə fəaldır. Biz bu baxımdan bir çox işlər görsək də Pakistan iqlim dəyişikliyinə ən həssas olan ilk 10 ölkə arasında yer alır. Son bir neçə həftə ərzində bizim ölkənin tarixində görünməmiş sellər, daşqınlar yaşandı, bu, özlüyündə iqlim dəyişikliyinin fəsadlarındandır. Nəticədə Pakistan ərazisində bu səbəbdən arasında qadınlar və uşaqlar olmaqla 1500-dən çox insan həlak olub. Hazırda Pakistan ərazisinin bir çox hissəsi su altındadır. Su altında olan ərazilər Azərbaycan ərazisinin iki dəfə həcminə bərabərdir. Bu vəziyyətdən isə 33 milyon insan əziyyət çəkir. Bu vəziyyətin bütün dünyada olan təsirlərinin aradan qaldırılması üçün təkcə milli səviyyədə deyil, qlobal səylər göstərilməlidir".
UNICEF-in Azǝrbaycandakı nümayǝndǝliyinin rəhbəri Aleks Haykens bu sərginin qeyri-adiliyini vurğulayaraq deyib: “Bu gözəl təşəbbüsə UNICEF də böyük məmnuniyyətlə qoşuldu və vurğulamaq istərdim ki, belə sərgilər mütəmadi olaraq keçirilməlidir. Bir neçə il əvvəl UNICEF-in baş qərargahında cizgi filmləri yaradıcıları ilə əməkdaşlığa başlanıldı, məqsəd uşaqları iqlim dəyişikliyi mövzusu ilə bağlı maarifləndirmək idi. Nəticədə bu sərgidə şəklini gördüyünüz qırmızı hippopotamın baş qəhrəmanı olduğu bir cizgi filmi hazırlandı. Ümumiyyətlə iqlim dəyişikliyi ilə mübarizə sahəsində çox işlər görülməlidir, burada təkcə maarifləndirmək, məlumatlandırmaq kifayət deyil. Bu baxımdan biz Azərbaycan və bir çox digər ölkələrlə, eləcə də həmin ölkələrin gəncləri ilə tərəfdaşlıq şəkildə bir çox işlər, layihələr həyata keçiririk”.
Layihənin koordinatoru və Beynəlxalq əlaqələr departamentinin rəhbəri Könül Rəfiyeva bildirib ki, məşhur müəllif Denis Tomopulos tərəfindən yaradılmış, uşaqlara ətraf mühitin çirklənməsi problemlərini və planetdə iqlim dəyişikliyi ilə mübarizə yollarını izah edən “Yer kürəsi deyir” cizgi filmi də sərgiyə təqdim olunub: “Sərgidə Layen Haykensin şəxsi kolleksiyasındakı hazırkı iqlim dəyişikliyinin faciəvi nəticələrinin simvollarından birinə çevrilən canlılar, hippopotamları əks etdirən eksponatlar nümayiş etdirilir. Layihə uşaqların və gələcək nəsillərin həyat keyfiyyətinə əhəmiyyətli dərəcədə təsir edən, geri dönməz dəyişikliklərə səbəb ola biləcək bəşər sivilizasiyasının buraxdığı karbon emissiyalarının artması və ətraf mühitin deqradasiyası məsələlərinə toxunur. Sərgi həmçinin bu ilin iyun ayında başlayan və 2030-cu ilə qədər davam edəcək, ekosistemlər dünyasının deqradasiyasının qarşısını almaq, dayandırmaq və geri qaytarmaq üçün fəaliyyətə səsləyən BMT-nin Ekosistemin Bərpası üzrə Onillik proqramının bir hissəsidir. Layihə çərçivəsində gənc nəslin təhsil proqramları vasitəsilə iqlim dəyişikliyi problemləri haqqında maarifləndirilməsinə yönəlmiş “Comics Uniting Nations” toplusundan olan komikslər silsiləsi ilk dəfə olaraq Azərbaycan dilinə tərcümə edilərək ictimaiyyətə təqdim olunacaq. Sərgi müddətində həmçinin uşaqlar və gənclər üçün xüsusi olaraq ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı məlumat turları, təqdimatlar və panel müzakirələri təşkil olunacaq”.
Daha sonra sərgiyə baxış keçirilib.
Qeyd edək ki, sərgi oktyabrın 16-dək davam edəcək.

 

Mədəniyyət 2022-09-26 22:16:00