×
A
A
A
Sazlamalar

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrin sayı 2 min nəfərə çatıb

Naxçıvan, 26 sentyabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetində təhsil alan əcnəbi tələbələrlə keçirilən görüşdə əvvəlcə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra ali təhsil ocağının tanıtım videoçarxına baxış olub.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən ali təhsil ocağının rektoru Elbrus İsayev muxtar respublikada tolerant mühitin formalaşdığını, xarici vətəndaşlara xüsusi diqqətlə yanaşıldığını vurğulayıb, məhz bunun nəticəsində əcnəbi tələbələrin sayının hər il artdığını qeyd edib.
Ali təhsil ocağının xarici tələbələrin sayına görə Azərbaycanda birinci sırada yer aldığını diqqətə çatdıran rektor bu il universitetdə təhsil alan əcnəbi tələbələrin sayının 2000 nəfərə çatdığını vurğulayıb. Bildirib ki, əcnəbi tələbələr nəinki universitetdə, hətta muxtar respublikada yüksək dövlət qayğısı ilə əhatə olunurlar. Onlar universitetin ictimai-mədəni həyatında fəallıq nümayiş etdirir, müxtəlif tədbirlərin, konsert proqramlarının hazırlanmasında yaxından iştirak edirlər.
Elbrus İsayev əcnəbi tələbələrin suallarını cavablandırıb, tövsiyələrini çatdırıb, yeni dərs ili münasibətilə onları təbrik edib.
Universitetin ümumi işlər üzrə prorektoru Xəyal Camalov etik davranış qaydaları, kredit sistemi ilə tədrisin təşkili və əcnəbi tələbələrin miqrasiya və tibbi sığorta məsələləri haqqında onları məlumatlandırıb. Qeyd edib ki, bu gün muxtar respublikada tədrisin müasir standartlara uyğunlaşdırılması, maddi-texniki bazanın möhkəmləndirilməsi və yenidən qurulması əcnəbi tələbələrin Naxçıvanın ali təhsil müəssisələrinə olan marağını daha da artırıb.
Vurğulanıb ki, muxtar respublikaya təhsil almaq üçün gələn tələbələr ölkədə müvəqqəti yaşamaq hüququna malikdir. Azərbaycan Respublikasında müvəqqəti yaşamaq üçün icazə vəsiqələrinin verilməsinə və müddətinin uzadılmasına görə dövlət rüsumu ödənilən zaman tələbələr üçün güzəştlər tətbiq olunur.

Regionlar 2022-09-26 21:46:00